ORDU
Martda Müdafiə Nazirliyi hərbi hissələrdə 30-dək tədbir keçirib
Bakı, 3 aprel, AZƏRTAC
Müdafiə Nazirliyi 2018-ci il üçün tədbirlər planına əsasən, mart ayında dövlət qurumları, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, eləcə də ictimai birliklər ilə birgə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin təşkilatçılığı ilə Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Xocavənd, Şəmkir, Daşkəsən, Qusar, Abşeron, Qubadlı, Cəbrayıl, eləcə də Bakının Səbail, Nəsimi və Qaradağ rayon icra hakimiyyətləri ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik, Novruz bayramı münasibətilə, eləcə də 31 mart - Azərbaycanlıların Soyqırımı Günü və digər mövzularda 30-dək tədbir təşkil olunub, şəxsi heyətlə görüşlər keçirilib.
Tədbirlərdə şəxsi heyət, veteranlar, şəhid ailələrinin üzvləri, hərbi qulluqçuların valideynləri, tələbələr və başqaları yaxından iştirak ediblər.
Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə martda Müdafiə Nazirliyi tərəfindən 123 rəsmi məlumat, 417 foto, 18 videomaterial hazırlanıb, media nümayəndələrinin üç sualı cavablandırılıb.
Yerli televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlərin aparılmasına 7 icazə məktubu verilib.
Hesabat dövründə Müdafiə Nazirliyi tərəfindən keçirilən iki tədbirdə də televiziya kanalları və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.