Masallıda gənclər üçün beynəlxalq təlim kursu keçirilir
Masallı, 30 avqust (AZƏRTAC). Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində “Birlikdə daha yaxşı yaşayış üçün” mövzusunda Beynəlxalq təlim təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, təlim iştirakçıları Bakı şəhərində rəsmi görüşlərdən sonra Masallıya gəlmişlər.
Masallı Gənclər Mərkəzində Azərbaycanı təmsil edən nümayəndələr də daxil olmaqla, Gürcüstan, Ukrayna, Moldova, Belarus, İtaliya, Yunanıstan, Polşa, Estoniya, Rumıniya, Bolqarıstan və Türkiyədən olan 28 gəncin iştirakı ilə beynəlxalq təlimin rəsmi açılışı olmuşdur.
Mərasimdə ADTGT-nin sədri Asif Əsgərli təlim kursunun məqsəd və vəzifələrindən danışmışdır.
Layihənin rəhbəri, ADTGT sədrinin müavini Gülnarə Bağırova Masallıda keçirilən bu beynəlxalq tədbirin yeddi gün ərzində nəzərdə tutulan proqramı haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, proqrama təlim və məlumat sessiyaları ilə yanaşı, rayonun müxtəlif tarixi yerləri ilə tanışlıq, mədəni tədbirlər də daxil edilmişdir.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov rayon gəncləri adından xarici ölkələrdən gəlmiş həmkarlarını salamlamış və belə mühüm tədbirin məhz bu rayonda təşkilinə görə minnətdarlığını bildirmişdir. Rayon gəncləri, onların inkişaf istiqamətləri və uğurları haqqında məlumat verən Camal Manafov Masallıda gənclər üçün böyük imkan və resursların yaradıldığını xüsusilə vurğulamışdır.
Moldova, Yunanıstan, Gürcüstan, Bolqarıstan və İtaliyadan gəlmiş gənclər beynəlxalq təlimin onlar üçün uğurlu olacağına əminliklərini ifadə etmişlər.
Layihənin əsas məqsədi Avropa məkanında gənclərin məşğulluq və işsizlik kimi səciyyəvi problemlərinin öyrənilməsi, təhlili, gənclərin yeni iş imkanları, karyera quruculuğu, onların məşğulluğu üçün zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasında informasiya və təcrübə mübadiləsinin aparılmasıdır.