Masallıda keçirilən xeyriyyə aksiyasına YAP rayon təşkilatının qadınlar şurasının üzvləri də qoşulublar
Masallı, 8 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda yeni növ koronavirusla (COVID-19) mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına müvafiq olaraq yaşı 65-dən yuxarı insanlar və imkansız ailələr üçün keçirilən xeyriyyə aksiyası geniş vüsət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilovanın təşəbbüsü ilə bütün Şura üzvləri aksiyaya qoşularaq yaşı 65-dən yuxarı olan və tənha yaşayan insanlara, aztəminatlı ailələrə ərzaq bağlamaları paylayıblar.
Aksiyadan yararlanan insanlar bu çətin günlərdə onların qayğısına qalan dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.