Masallıda onlayn tədbir: Əbədiyaşar şəhidlər
Masallı, 21 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Böyük Kolatan kəndindəki şəhid Simran Rzayev adına tam orta məktəbin təşkilatçılığı ilə Vətən müharibəsinə qazanılmış Şanlı Qələbəyə həsr olunmuş “Əbədiyaşar şəhidlər” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müəllim və şagirdlərin iştirak etdiyi virtual tədbirdə Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan məktəbin məzunu Əli Quliyevin döyüş yolu haqqında danışılıb.
Qeyd olunub ki, Quliyev Əli Turac oğlu 20 oktyabr 2001-ci ildə İran İslam Respublikasının Məşhəd şəhərində dünyaya göz açıb. Altıncı sinfə qədər təhsilini orada alıb. Bundan sonra o, ailəsi ilə birlikdə doğma ünvana - Masallı rayonunun Böyük Kolatan kəndinə köçüb. Təhsilini kənd tam orta məktəbində davam etdirib. 2019-cu ildə orta təhsilini başa vurub.
Vətənə olan borcunu yerinə yetirmək üçün ordu sıralarına yola düşən Əli hərbi xidmətinə Cocuq Mərcanlıdan başlayıb. Sentyabrın 27-dən başlayan Vətən müharibəsində düşmənin bir neçə postunun alınmasında fəal iştirak edib. İgid döyüşçü oktyabrın 26-dan 27-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb. O, Böyük Kolatan kənd qəbiristanlığında dəfn edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əli Quliyev (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olunub.