Masallılı gənclər idmançı qazini ziyarət ediblər
Masallı, 26 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 26-da Masallı Rayon Gənclər və İdman İdarəsinin kollektivi xüsusi karantin rejiminin qaydalarına əməl etməklə Vətən müharibəsinin iştirakçısı, qazi Tosif Məmmədağa oğlu Hüseynovu ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə masallılı idmançının keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, onun qayğıları dinlənilib.
T.Hüseynov ölkəmizdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qeyd edək ki, Tosif Hüseynov 3 may 1998-ci il tarixində Masallı şəhərində anadan olub. O, Vətən müharibəsinin başladığı ilk gündən könüllü olaraq döyüşlərə qatılıb, Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində ön cəbhədə qəhrəmanlıqla döyüşüb.
Cəsur döyüşçü Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə Daşaltı kəndi istiqamətində sağ qolundan yaralanaraq döyüş meydanından təxliyə olunub.
Tosif Hüseynov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
İgid döyüşçü idmanın cüdo növü üzrə respublika və beynəlxalq səviyyəli yarışların iştirakçısı və mükafatçısı olub.