MATM ilə Yaponiyanın muzeyləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 13 aprel, AZƏRTAC
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Görüşdə muzeyin direktoru akademik Nailə Vəlixanlı Azərbaycan və Yaponiya muzeyləri arasında əməkdaşlıq əlaqələri, gələcəkdə səyyar sərgilərin, treninqlərin təşkili üzrə planlar barədə məlumat verib.
N.Vəlixanlı, eyni zamanda, muzeydə qorunan, Yaponiya ilə mədəni-tarixi əlaqələrimizə dair kolleksiyadan söhbət açıb.
Səfir Cuniçi Vada Yaponiya-Azərbaycan münasibətlərinin inkişaf etdiyini bildirib. O, iki ölkənin muzeyləri arasında əməkdaşlıq mübadiləsi istiqamətində mühüm işlər görüləcəyini deyib.
Sonra müəssisələr arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Cuniçi Vada muzeyin eksponatları ilə tanış olub. Ona muzeyin nəşrləri hədiyyə edilib.