MDB-də universitet idmanı üzrə baza təşkilatı yaradılacaq
Bakı, 13 dekabr, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyində (MDB) universitet idmanı sahəsində baza təşkilatı yaradılacaq.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin məlumatına istinadla xəbər verir ki, bu barədə qərar müvafiq əsasnamə layihəsinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclasında qəbul olunub. İclasda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan ekspertləri, eləcə də MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Görüşdə MDB İcraiyyə Komitəsinin humanitar əməkdaşlıq, ümumsiyasi və sosial problemlər departamentinin direktoru Mənuçöhr Hocizoda xatırladıb ki, universitet idmanı sahəsində baza təşkilatının yaradılması haqqında məsələ MDB-nin iştirakçı-dövlətlərinin Bədən Tərbiyəsi və İdman Şurasının gündəliyinə daxil edilib və Birlik ölkələrinin idman ehtiyatının hazırlanması üçün baza kimi tələbə idmanının inkişafı məsələlərinin icrasına yönəldilib.
Mənuçöhr Hocizoda qeyd edib ki, 2023-cü il avqustun 6-da, MDB Ölkələrinin II Oyunlarının keçirildiyi dövrdə Minskdə təşkil olunan Bədən Tərbiyəsi və İdman Şurasının iclasında “Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti” federal dövlət büdcəli ali təhsil müəssisəsinə baza təşkilatı federal statusunun verilməsi barədə Rusiya Federasiyasının təklifi dəstəklənib.
Şura Rusiya Federasiyası tərəfindən hazırlanan və ekspert qrupu iclasının müzakirəsinə daxil edilən baza təşkilatının əsasnamə layihəsini də dəstəkləyib. Sənəd layihəsi baza təşkilatının fəaliyyətini, əsas funksiyalarını və hüquqlarını, işin təşkili qaydasını və baza təşkilatının fəaliyyətinin maliyyə təminatını müəyyən edir.
İclasda ekspertlər baza təşkilatı haqqında əsasnamə layihəsini tamamlayıb və razılaşdırıblar, eləcə də MDB Xarici İşlər Nazirləri Şurasının bu məsələ ilə bağlı qərar layihəsini işləyib hazırlayıb və razılaşdırıblar. Dövlətdaxili razılaşmadan sonra sənəd layihəsi müəyyənləşdirilmiş qaydada baxılması üçün MDB Xarici İşlər Nazirləri Şurasına təqdim ediləcək.
Sənədin qəbulu MDB-nin iştirakçı-dövlətlərinin əməkdaşlığını Birlik ölkələrinin universitet idmanı sahəsində aidiyyəti orqan və təşkilatların səmərəli əlaqələri sayəsində genişləndirmək imkanı verəcək.
Ehtimal olunur ki, baza təşkilatı öz fəaliyyətini MDB-nin İcraiyyə Komitəsi, Bədən Tərbiyəsi və İdman Şurası, eləcə də MDB-nin iştirakçı-dövlətlərinin ali, orta-ixtisas, əlavə təhsil sistemləri müəssisələri ilə sıx təmasda həyata keçirəcək.