MDB İcraiyyə Komitəsində Birlik ölkələrinin xarici siyasət idarələrinin məsləhətləşmələri keçiriləcək
Oktyabrın 30-da Minskdə, MDB İcraiyyə Komitəsində Birlik ölkələrinin xarici siyasət idarələrinin məsləhətləşmələri keçiriləcək. Məsləhətləşmələr MDB-nin iştirakçısı olan dövlətlərin ATƏT çərçivəsində və Avropa İttifaqı (Aİ) ilə, o cümlədən “Şərq Tərəfdaşlığı” Proqramı və Aİ-nin Mərkəzi Asiya üzrə strategiyası çərçivəsində qarşılıqlı fəaliyyəti məsələlərinə həsr olunacaq. Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat verilib.
Birlik çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr MDB Xarici İşlər Nazirləri Şurası (XİNŞ) haqqında Əsasnaməyə uyğun keçirilir.
Məsləhətləşmələr MDB ölkələrinin xarici siyasət idarələri arasında qarşılıqlı maraq doğuran aktual xarici siyasət məsələləri üzrə fikir və informasiya mübadiləsi aparmaq və mümkün birgə tədbirləri razılaşdırmaq məqsədi daşıyır. Məsləhətləşmələr zamanı beynəlxalq təşkilatlarda birgə təşəbbüslərin həyata keçməsinə mane olan problemlər təhlil olunur, müzakirə olunan məsələlərə dair konsensus əldə etmək üçün lazım gəldikdə Birlik XİNŞ iclaslarının gündəliklərinin layihələrinin ayrı-ayrı bəndləri nəzərdən keçirilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk