MDB iştirakçı dövlətləri arasında “Virtual Mədəni İrs Muzeyi” internet-portalının yaradılması planlaşdırılır
Bakı, 29 fevral, AZƏRTAC
Belarusun paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində MDB iştirakçı dövlətlərinin İşçi qrupu tərəfindən “Virtual Mədəni İrs Muzeyi” internet-portalı haqqında əsasnamə layihəsinin hazırlanması ilə bağlı iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tacikistan, Özbəkistan respublikalarının və Rusiya Federasiyasının, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərinə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun aparıcı məsləhətçisi Afaq Şirəliyeva təmsil edib.
“Virtual Mədəni İrs Muzeyi” internet-portalını yaratmaq təşəbbüsü Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə məxsusdur. Layihənin məqsədi MDB iştirakçı dövlətlərinin maddi və qeyri-maddi mədəni irsini təqdim ediləcək internet səhifədə vahid virtual muzey altında birləşdirərək mədəni irs obyektlərinin, muzey eksponatlarının, sərgi stendlərinin virtual panoramaların (3D panoramaları, dairəvi panoramaları, 360 dərəcə foto panoramaları) yaradılmasıdır.
Mütəxəssislər MDB iştirakçı dövlətləri arasında mədəni əməkdaşlığı inkişaf etdirmək ideyasının aktuallığını və əhəmiyyətini qəbul edib və Özbəkistan Respublikası tərəfindən təqdim olunmuş Virtual Mədəni İrs Muzeyi layihəsini yaratmaq təşəbbüsünü dəstəkləyiblər.
İclas iştirakçıları Konsepsiya layihəsini genişləndirərək “MDB İştirakçı Dövlətlərin Virtual Mədəni İrs Muzeyi” internet-portalında bölmələr yaratmaqla hazırkı milli internet resurslarına bağlantıların göndərməsi, habelə burada Virtual Mədəni İrs Muzey portalında keçidlərin (banerlərin) yerləşdirməsi nəticəsinə gəldilər.
“Virtual Mədəni İrs Muzeyi” internet-portalının tərtibçisi və inzibatçısı qismində Özbəkistan tərəfi öz üzərinə götürməyə hazır olduğunu bildirib.
İclas iştirakçıları portalın idarə olunması formatının, virtual muzey fondunun yaradılması prinsiplərinin müəyyənləşdirilməsi, internet-portalın quruluşu və dizaynının, məzmunun doldurulması qaydasının və texniki tələblərin hazırlanması məsələlərinin daha da geniş öyrənilməsi və təkliflərin hazırlanması qərarına gəliblər.
Bununla əlaqədar işçi qrupunun növbəti iclasının cari ilin mayında keçirilməsi planlaşdırılır.