MDB ÖLKƏLƏRİNDƏN OLAN MÜŞAHİDƏÇİLƏR SEÇKİLƏRİN GEDİŞİNDƏN RAZIDIRLAR
Ukrayna Mərkəzi Seçki Komissiyasının üzvü Mixail Axentovski və müşahidəçi Siabşah Şəfiyev jurnalistlərin suallarına cavab vermişlər.
Müşahidəçilər hesab edirlər ki, seçkilər çox mütəşəkkil, sakit, müasir beynəlxalq standartların seçki prosesinin təşkilinə dair irəli sürdüyü ən yüksək tələblərə uyğun keçirilmişdir. Baş çəkdikləri bütün seçki məntəqələrində seçki komissiyalarının mütəşəkkil və nizamlı işlədiyinin, səsvermə prosesinin, habelə səslərin hesablanmasının sakit və çox yaxşı təşkil edildiyinin şahidi olmuşlar və demək olar ki, heç bir iradları yoxdur.
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının təmsilçiləri dedilər ki, biz bir sıra seçki məntəqələrində olduq. Ölkənin birinci xanımı Mehriban Əliyevanın namizədliyi irəli sürülən dairədə daha böyük fəallıq müşahidə olunurdu. Həmin məntəqədə çoxlu adam toplaşmışdı, biz hətta onların şəklini də çəkdik. Adətən, şəhər şəraitində böyük fəallıq müşahidə edilmir, lakin burada qələbəlik idi. Eyni vaxtda təxminən 100-150 nəfər toplaşmışdı. Bunu görmək çox xoş idi. Biz məntəqələrin açılışında və səslərin hesablanmasında da iştirak etmişik. 20 nəfərin namizədliyi irəli sürülən 23 nömrəli dairədə 15 müşahidəçi, o cümlədən müstəqil müşahidəçilər iştirak edirdilər. Demək olar ki, bütün seçki prosedurlarına çox dədiq riayət olunurdu. Çox xoşdur ki, belə rəqabət şəraitində pozuntuya yol verilməmişdir. Deməliyik ki, seçicilərin bu cür fəallığı sevindiricidir. Xalq demokratik islahatlara doğru gedir. Belə təmiz, şəffaf səsvermədə seçilən parlament seçicilərin ümidlərini doğruldacaqdır.
Ukrayna MSK-nın üzvü İqor Koçur rusiyalı həmkarlarının fikirləri ilə tam razı olduğunu bildirərək dedi ki, onlar tamamilə obyektiv və ədalətlidirlər. Həqiqətən, bu gün səhər saat səkkizin yarısından biz Bakı şəhərinin seçki məntəqələrində olduq və şəhərinizdə seçkilərlə bağlı real mənzərəni gördük. Seçki məntəqələrində hökm sürən sakitlik bizi heyrətə gətirdi. İnsanlar - sadə vətəndaşlar, seçki komissiyalarının üzvləri, müşahidəçilər özlərini çox sakit aparırdılar. Biz Ukraynaya xoş təəssüratla qayıdacaq, təəssüratımızı həmkarlarımızla, seçicilərimizlə bölüşəcəyik. Azərbaycan xalqını seçkilərin uğurlu keçməsi münasibətilə təbrik edə bilərəm.
Mixail Axentovski Mərkəzi Seçki Komissiyasının işini də yüksək qiymətləndirərək dedi ki, bu gün biz onların fəaliyyətinin nəticələrini gördük. Bir peşəkar kimi mənə Azərbaycan Mərkəzi Seçki Komissiyasından olan həmkarlarımızın səylərinin boşa çıxmadığını görmək çox xoşdur.