MDU-nun rektoru: “Cyber Summer School 2026”nın Mingəçevirdə keçirilməsi mühüm hadisədir
Mingəçevir, 7 iyul, AZƏRTAC
V “Cyber Summer School 2026” layihəsinin məhz Mingəçevirdə keçirilməsi region universitetlərinin inkişafı, rəqəmsal transformasiyanın sürətləndirilməsi və əmək bazarının tələblərinə cavab verən müasir kadr hazırlığı baxımından da mühüm hadisədir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov iyulun 6-dan 11-dək ilk dəfə regionda təşkil edilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsi ilə bağlı bildirib.
Rektor vurğulayıb ki, beynəlxalq statistik məlumatlara əsasən, dünyada hər 39 saniyədən bir kiberhücum baş verir. Bu hücumlar qlobal iqtisadiyyata milyardlarla dollar həcmində ziyan vurur və onların qarşısının alınması sistemli yanaşma, peşəkar kadr hazırlığı və güclü institusional əməkdaşlıq tələb edir.
Anar Eminov qeyd edib ki, MDU son illərdə süni intellekt, rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, innovasiya və dayanıqlı inkişaf istiqamətlərini fəaliyyətinin əsas prioritetləri sırasında müəyyənləşdirib. “Universitetin başlıca məqsədlərindən biri tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməməsi, eyni zamanda, real sektorun tələblərinə uyğun praktiki bacarıqlara yiyələnməsidir. Hazırda ali təhsil müəssisəsində informasiya təhlükəsizliyi ixtisası üzrə 118 tələbə təhsil alır. Bu ildən etibarən həmin ixtisas üzrə universitetdə ingilis dilində də tədrisə başlanılacaq. Bununla yanaşı, 70 tələbənin iştirakı ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşəbbüsü ilə yaradılmış “Kiber klub” çərçivəsində gənclər kibertəhlükəsizlik sahəsində müxtəlif layihələr həyata keçirir, bilik və bacarıqlarını praktik mühitdə inkişaf etdirirlər”, - deyə rektor əlavə edib.
Qeyd edək ki, kiber yay məktəbinə 100-dən artıq tələbə və şagird qatılıb.
Müxbir – Vüsalə Cənnətova