REGİONLAR
Məcburi köçkünlər Birinci vitse-prezident Mehriban Əliyevanın onlara göstərdiyi qayğıdan razılıq edirlər VİDEO
Sumqayıt, 18 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə martın 9-da Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə bir sıra mühüm problemlərə toxunulub, onların həll yolları müzakirə edilib. Mehriban Əliyeva aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün tapşırıq və göstəriş verib.
Birinci vitse-prezident Mehriban Əliyevanın vəzifəyə başlayandan sonra keçirdiyi ilk iclası qaçqın və məcburi köçkünlərə həsr etməsi dövlətimizin bu problemə xüsusi həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Bu, məcburi köçkünlər tərəfindən də razılıqla qarşılanıb.
Qubadlı rayonu Mahmudlu kənd sakini, məcburi köçkün, müharibə veteranı Tahir Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, ailəsi ilə 1993-cü ildən Sumqayıt şəhərində 2 saylı xəstəxanada məskunlaşıb. İndiyədək ağır şəraitdə yaşayıblar: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dözülməz şəraitdə yaşayan məcburi köçkünlərin evlə təmin olunması haqqında tapşırıq verməsi bizi də çox sevindirdi. Bu, mənzillə təmin olunacağımıza ümidimizi daha da artırdı. Biz dövlətimizin qayğısını, xüsusən də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın əhalinin aztəminatlı təbəqəsinə, qaçqın və məcburi köçkünlərə qayğısını daim hiss edirik. İnanırıq ki, yaxın gələcəkdə doğma torpaqlarımız azad olunacaq və biz öz yurdumuza qayıdacağıq”.
Sumqayıtda məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün Elnur Bayramov da Mehriban xanım Əliyevanın əhalinin aztəminatlı təbəqəsinə, qaçqın və məcburi köçkünlərə xüsusi qayğısından razılıq edərək dedi: “Mehriban xanımın Birinci vitse-prezident təyin olunması biz məcburi köçkünlərin də ürəyindən xəbər verir. İlk müşavirəsini məhz qaçqın və məcburi köçkünlərin mənzil probleminə həsr etməsi onun bizə qayğı ilə yanaşdığının əyani göstəricisidir. Sumqayıt şəhərində məskunlaşan məcburi köçkünlər üçün artıq müəyyən yerlər ayrılıb, evlərin tikilməsinə hazırlıq görülür. Biz məcburi köçkünlər Prezidentimizin Cocuq Mərcanlı kəndinin bərpası haqqında verdiyi Sərəncamı da alqışlayırıq. İnanırıq ki, işğal altındakı digər torpaqlarımız da tezliklə azad olunacaq və həmin yurd-yuvalar yenidən qurulacaq, biz məcburi köçkünlər əzəli torpaqlarımıza qayıdacağıq. Biz o günü səbirsizliklə gözləyirik”.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, indiyədək şəhərdə qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları inşa olunmayıb. Artıq bu işlərə start verilib, çoxmərtəbəli binaların tikilməsi üçün Bakı-Quba yolunun kənarında, Sumqayıtdan 8 kilometr məsafədə 200 hektar yer ayrılıb. Burada böyük bir qəsəbə salınacaq.
Qeyd edək ki, Sumqayıtda respublikamızın 10 şəhər və rayonundan 52 mindən çox qaçqın və məcburi köçkün məskunlaşıb. İlk mərhələdə qəzalı yataqxanalarda (Sumqayıtda 15-ə yaxın belə yataqxana var) məskunlaşmış məcburi köçkünlər yeni binalarda mənzillə təmin ediləcəklər. Bundan sonra isə uşaq bağçalarında, məktəblərdə, vətəndaşlara məxsus mənzillərdə yaşayan məcburi köçkünlər köçürüləcək.