Məcnun Məmmədov: Ərzaq təhlükəsizliyi dövlətin təhlükəsizliyinin təməl şərtlərindəndir
Bakı, 14 sentyabr, AZƏRTAC
Dünyada qlobal təhlükələr və risklər - su çatışmazlığı, quraqlıq, istiləşmə, səhralaşma, sənayeləşmə, beynəlxalq konfliktlər, pandemiyalar, epidemiyalar dövründə ərzaq və qida təhlükəsizliyi bəşəriyyət üçün prioritet sahələrdir.
Ərzaq təhlükəsizliyi birbaşa kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlıdır. Bu səbəbdən ərzaq təhlükəsizliyi dövlətin təhlükəsizliyinin təməl şərtlərindəndir. Lakin müasir dünyamızda ərzaq və qida çatışmazlığı beynəlxalq təşkilatların hesabatlarında qeyd edilməklə, bu sahələr daha diqqətli və həssas yanaşmanı tələb edir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, 2022-ci ildə dünyada 735 milyon insan aclıqdan əziyyət çəkib. 5 yaşınadək 148 milyon uşaq qida çatışmazlığı səbəbindən inkişafdan geri qalıb. 2018-ci ildə isə hər gün dünyada 18 min uşaq aclıqdan və doyunca yeməməkdən vəfat edib.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının təkmilləşdirilməsi və Alimentarius Kodeksinin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda regional tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymətləndirməsinə görə dünya əhalisinin 30 faizi, yəni iki milyard insan “gizli aclıqdan” əziyyət çəkir: "Bu o vəziyyətdir ki, insanların müəyyən qədər kalori almasına baxmayaraq, vitamin və mineralın miqdarı lazımi səviyyədə olmur. 1 milyard tondan çox qida israf edilir və dünyada istehsal edilən qidanın 17 faizə qədəri süfrəyə gəlmədən yararsız hala düşür.
Dünya Bankının hesabatlarına görə, inkişaf etmiş ölkələrdə zibilliyə atılan qidalar dünyada aclıqdan ölən insanların 15 mislini doyduracaq səviyyədədir. Əgər bu cür qeyri-bərabər paylanmalar olmasaydı, dünyada insanların aclıq problemi olmaya bilərdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu cür statistikalar da mövcuddur. Hər bir taxıl dəninin, hər kiloqram çörəyin və ərzağın qiymətli olduğu, zəhmətlər və kapital qoyuluşu hesabına başa gəldiyini nəzərə alaraq, təhlükəli qida istehsal edən sahibkarın son nəticədə hər birimizə zərər vurduğunu görərik. Çıxdaş edilərək məhv edilən bu cür ərzaqlar dövlətin resurslarının israfı deməkdir. Bu səbəbdən Alimentarius Kodeksinin və ölkələrin qida təhlükəsizliyi sahəsində qəbul etdiyi qanunvericilik aktlarının ciddi tətbiqi həm də ölkələrin ərzaq təhlükəsizliyində böyük rol oynayır".