Məcnun Məmmədov: Ümummilli Liderin ölkəmizdə kənd təsərrüfatının inkişafında müstəsna rolu olub
Bakı, 14 iyun, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sisteminin qurulması və inkişafında da müstəsna rolu olub. Onun aqrar sahədə həyata keçirdiyi islahatlar ölkəmizdə onilliklər boyu müasir kənd təsərrüfatı sisteminin formalaşmasına gətirib çıxarıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində ölkədə aqrar sahənin inkişaf istiqamətlərini müəyyən edən kompleks sənəd hazırlanıb, “Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” tarixi qərar qəbul olunub. Bu sənəd respublikada kənd təsərrüfatının inkişafı üçün konkret vəzifələri və tədbirləri müəyyən edən strateji sənəd - fəaliyyət proqramı idi. Qəbul olunan sənəd əsasında ölkədə pambıqçılığın, taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, çayçılığın və heyvandarlığın inkişafı üçün proqramlar hazırlanıb, bitkiçilik və heyvandarlıq sahələrinin regionlar üzrə ixtisaslaşmasının əsası qoyulub. Bununla da Azərbaycanda günümüzə qədər davam edən aqrar sahənin dayanıqlı inkişafının təməl prinsipləri müəyyənləşib.