MƏDƏNİYYƏT
Mədəniyyət və turizm naziri “Aviareps Tourism GmbH” şirkətinin baş meneceri ilə görüşüb
Bakı, 3 aprel, AZƏRTAC
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisi çərçivəsində
nazirliyinin Almaniyada rəsmi turizm nümayəndəliyi olan “Aviareps Tourism GmbH” şirkətinin baş meneceri Gevers Jurgen və şirkətin əməkdaşları ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə G.Jurgen “Aviareps Tourism GmbH” şirkətinin fəaliyyət göstərdiyi bir il ərzində görülən işlər, Azərbaycanın turizm imkanlarının Almaniyada təbliğ edilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib.
Şirkət rəhbəri bildirib ki, almanlar Azərbaycanın turizm imkanları, hotel və istirahət mərkəzləri, mədəni irs nümunələri, xüsusilə vaxtilə alman koloniyalarının məskunlaşdığı Göygöl rayonu, Siemens qardaşlarının fəaliyyət göstərdiyi Gədəbəy rayonu, bu bölgələrdəki alman tarixi izləri ilə yaxından maraqlanırlar.
Gevers Jurgen Azərbaycanın Almaniyada təbliğatının daha da genişləndiriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, “Aviareps Tourism GmbH” şirkəti Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ olunması məqsədilə 2014-cü ilin aprel ayından fəaliyyət göstərir. Şirkət Almaniyada Azərbaycanın turizm nümayəndəliyi funksiyasını yerinə yetirir.