Mədəniyyət və Turizm Nazirliyinin “Ümumi mədəni irs şəhərləri” beynəlxalq layihəsi bizə nə qazandırdı?
Bakı, 19 dekabr, AZƏRTAC
Bu il Mədəniyyət və Turizm Nazirliyinin uğurlarından biri də İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ümumi mədəni irs şəhərləri” adlı beynəlxalq arxeoloji turizm layihəsi olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, üzv ölkələr tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə təqdim olunmuş 30-dan çox layihə arasında Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanmış bu layihə 6 ay ərzində bir neçə mərhələdən müvəffəqiyyətlə keçərək Komitənin qrant vəsaitinə layiq görülmüş 7 layihədən biri, o cümlədən yeganə turizm layihəsi olub.
Layihənin məqsədi Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyədə arxeoloji turizm potensialının araşdırılması, arxeoloji qazıntı ərazilərinin turizm imkanlarının öyrənilməsi, bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasıdır.
Layihə çərçivəsində bu ölkələrdə türk-islam mədəniyyətinin müxtəlif dövrlərinin izlərini daşıyan 18 şəhərdə 200-dən çox tarixi abidə, bu ölkələrin islam mədəniyyəti və tarixi irsi, həmçinin turizm potensialı, davam edən arxeoloji tədqiqat əraziləri üzrə araşdırma və təhlillər aparılıb. Daha sonra birgə beynəlxalq arxeoloji turizm məhsulunun yaradılması məqsədilə iştirakçı ölkələrin ekspertləri, turizm sənayesi nümayəndələri, dövlət və digər aidiyyəti qurumların təmsilçilərinin iştirakı ilə Azərbaycanda 3 günlük beynəlxalq seminar təşkil olunub. Layihə dövründə əldə edilmiş nəticələri əks etdirən yekun hesabat hazırlanıb.
Əldə edilmiş əsas nəticə yeni yaradılmış turizm məhsulu olub. Layihə çərçivəsində ilk növbədə 4 ölkədəki müvafiq şəhərləri əhatə edən 22 gecə 23 günlük tur-proqram hazırlanıb. Bu tur-proqram əsasən uzunmüddətli və daha aktiv turizmi seçənləri hədəf alır, arxeoloji qazıntı sahələri və digər tarixi abidələrlə tanışlıq məqsədi daşıyır. Turistlər bu tur-proqram çərçivəsində bütün iştirakçı ölkələri deyil, istədikləri ölkələr üzrə seçim də edə bilərlər.
Təklif olunan ikinci marşrut isə arxeoloji turizmin əsl məqsədini özündə əks etdirir. Hər ölkədən bir şəhər seçilməklə onlarda davam edən arxeoloji qazıntılarda turistlərin fəal iştirakı təmin edilir.
Yeni yaradılmış turizm məhsulunun təbliğatı məqsədilə yeni layihələrin işlənib hazırlanması nəzərdə tutulur. Bu layihənin inkişaf etdirilməsi tarixi-mədəni türk-islam irsinin təbliği ilə yanaşı, iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsinə və bu bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb edilməsinə xidmət edəcək.
Qeyd edək ki, bu layihə bizə ənənəvi turizm məhsullarından fərqli yeni bir turizm məhsulu, turistlər üçün dəyişmək seçimi imkanı və türk-islam mədəniyyətinin fərqli şəkildə dünyaya təqdim olunması şansı verdi.