MƏDƏNİYYƏT VƏ TURİZM SAHƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Prezident İlham Əliyevin Mədəniyyət və Turizm Nazirliyinin yaradılması haqqında Fərmanını yüksək qiymətləndirən Ə.Qarayev, toplantının tanışlıq və bu sahədə mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq məqsədi ilə keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, keçmiş Mədəniyyət Nazirliyi ötən illərdə sahənin inkişafı, milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanıdılması üçün təqdirəlayiq işlər görmüşdür. Lakin Prezidentin məlum fərmanına əsasən, yeni nazirliyin yaradılması bu sahədə daha geniş tədbirlərin həyata keçirilməsini, Azərbaycan mədəniyyətinin dünyada hərtərəfli tanıdılmasını, mədəni imicinin formalaşdırılmasını tələb edir. Bunları həyata keçirmək üçün nazirliyin sruktur dəyişiklikləri ilə əlaqədar yeni Nizamnaməsinin hazırlanıb dövlət və hökumət orqanlarına təqdim edildiyini söyləyən nazir, ümidvar olduğunu bildirmişdir ki, bu sənəd tezliklə təsdiqlənəcəkdir.
İlk təəssüratları barədə fikirlərini bölüşən nazir vurğulamışdır ki, onu hazırda ən çox narahat edən məsələ kitabxanaların, klubların, muzeylərin fəaliyyəti ilə bağlıdır. Amma ölkəmizdə turizm mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi də ön plana çəkilməlidir. Yəni, biz elə etməliyik ki, respublikamıza turist axını başlayanda onları layiqincə qarşılaya bilək.
Bölgələrin çoxunda xalqımızın tarixini, mədəniyyətini təcəssüm etdirən qədim abidələrimizə, mədəni irsimizə lazımi münasibətin olmadığını təəssüf hissi ilə diqqətə çatdıran nazir, Azərbaycanda mədəniyyət sahəsinin və turizmin inkişafı, onun dünya standartları səviyyəsinə çatdırılması üçün qarşıda duran vəzıfələrdən ətraflı danışmışdır.
Tədbirdə Gəncə şəhər mədəniyyət idarəsinin rəisi Mina Məlikova, Sabirabad rayon mədəniyyət şöbəsinin müdiri Böyükağa Həmidov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və başqaları çıxış etmiş, ətraflı fikir mübadiləsi aparılmışdır.