MƏDƏNİYYƏT
Media nümayəndələri “Bulvar Hotel” ilə tanış olublar
Bakı, 26 may, Samirə Quliyeva, AZƏRTAC
Mayın 26-da kütləvi informasiya vasitələrinin nümayəndələri Ağ Şəhərdə yerləşən “Bulvar Hotel” ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, “Bulvar Hotel”in baş direktoru Klayv Smit otel haqqında ətraflı məlumat verib. Bildirib ki, bu, “Absheron Hotel Group”a daxil olan dördüncü oteldir. Ağ Şəhərdə yerləşən yeni otel həm də “Marriott” brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi “Autograph Collection”un rəsmi üzvüdür. “Bulvar Hotel” yüksək səviyyədə və müasir üslubda inşa olunub. Burada kafe, mağaza, biznes mərkəzi, kitabxana var.
Otelin ziyafət zalında 1000-dən çox qonağın iştirakı ilə müxtəlif tədbirlər keçirmək mümkündür. Oteldə müasir standartlara uyğun fitnes və SPA xidmətləri təklif olunur. Burada 25 metrlik qapalı üzgüçülük hovuzu və müasir avadanlıqla təchiz olunmuş idman zalı fəaliyyət göstərir. Oteldə 818 nömrə var. Otelin pəncərələrindən Xəzər dənizinə və Bakı bulvarına gözəl mənzərə açılır. Otaqların interyeri məşhur memarlıq şirkətləri tərəfindən dizayn edilib. “Bulvar Hotel”də 3 restoran - “The White City Lounge”, “The Green House Kitchen” və “Black City Cafe” fəaliyyət göstərir. Restoranlarda qonaqların zövqünə uyğun xidmət göstərmək üçün hər cür şərait var.