CƏMİYYƏT
Mediasiya təşkilatları gov.az domenli elektron poçt ünvanları ilə təmin edilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Mediasiya təşkilatları gov.az domenli elektron poçt ünvanları ilə təmin edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Mediasiya Şurasından məlumat verilib.
Məlumata əsasən, Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının fəaliyyəti çərçivəsində “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmənin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin 4.1.1-ci yarımbəndində nəzərdə tutulan mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində əlavə bir sira tədbirlər görülüb.
Ədliyyə Nazirliyinin və Mediasiya Şurasının birgə əməkdaşlığı nəticəsində artıq ölkəmizdə fəaliyyət göstərən bütün mediatorlar və mediasiya təşkilatları barədə ətraflı məlumatlar Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalına inteqrasiya edilib. Qeyd edilən e-poçtlar, eyni zamanda, Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalında əksini tapıb.
Qeyd edilən işlər çərçivəsində Mediasiya Şurasının sorğusu əsasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən mediasiya təşkilatları rəsmi elektron poçt ünvanları ilə təmin edilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilmiş dəstək nəticəsində mediasiya təşkilatlarına daxil olan müraciətlərin və eyni zamanda mediasiya təşkilatlarından olan müraciətlərin vahid və daha mötəbər domen üzərindən istifadəsi təmin olunub.
Eyni zamanda, qeyd edilən e-poçtlar Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalında yer alan mediasiya təşkilatlarının məlumat və yönləndirilmə hissəsində də öz əksini tapıb.