MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ ƏLAVƏ TƏDBİRLƏR MÜƏYYƏN EDİLİR
Lakin bu sahədə bir çox problemlərin hələ də mövcud olması ilə əlaqədar ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının icrası vəziyyətinin və əhaliyə hüquqi yardımın yaxşılaşdırılması, hüquqi şəxslərin dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi üzrə və digər sahələrdə həyata keçirilməsi zəruri olan təxirəsalınmaz tədbirlər müəyyən edilmişdir.
AZƏRTAC xəbər verir ki, bu işdə inkişaf etmiş dövlətlərin müsbət təcrübəsindən və mötəbər beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadənin əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Nazirliyi tərəfindən ABŞ, Böyük Britaniya, Almaniya və Niderlandın Bakıdakı səfirliklərinin nümayəndələri, Avropa Şurası, ATƏT, Avropa İttifaqı, Amerika Hüquqşünaslar Assosiasiyası, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ), Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Avropa Komissiyasının TASİS proqramı, habelə ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi və hüquqi islahatlara dəstək layihələrinin məsul şəxslərinin iştirakı ilə nazirlikdə görüş keçirilmişdir.
Tədbirə sədrlik edən Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə aparılan məhkəmə-hüquq islahatının mütərəqqi mahiyyətini vurğulayaraq, mövcud problemlərin aradan qaldırılması üzrə əlavə tədbirlərin görülməsi zərurətini bildirmiş, onların Azərbaycanda məhkəmə-hüquq islahatına dəstək layihələri ilə düzgün əlaqələndirilməsinin əhəmiyyətini qeyd etmişdir.
Görüşdə milli qanunvericiliyimizin beynəlxalq standartlara uyğunlaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi və digər sahələr üzrə texniki yardımlar göstərilməsi üçün ətraflı fikir mübadiləsi aparılmış, mövcud problemlər və nazirlik tərəfindən hazırlanmış təkliflər müzakirə olunaraq, müvafiq işçi qrupu yaradılmış, gələcək fəaliyyətə dair razılaşma əldə olunmuşdur.
Həmçinin, nazirlik tərəfindən ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, xüsusilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il fevralın 2-də yerli sahibkarlarla görüşü zamanı sahibkarlığa mane olan halların aradan qaldırılması ilə bağlı tapşırıqlarının icrası üzrə zəruri tədbirlər görülür.