MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov iclasda çıxış edərək, Azərbaycan Prezidentinin həmin Fərmanının ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında və məhkəmə sisteminin inkişafında mühüm mərhələ olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, Fərmanın icrası ilə bağlı 15 qanuna və 20-dək digər qanunvericilik aktına müvafiq əlavə və dəyişikliklər edilməsi barədə layihələr hazırlanmış, Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları haqqında Təlimatın və Hakimlərin Etik Davranış Kodeksinin layihələri işlənilmiş, hakimlərin peşə səviyyəsinin artırılması məqsədi ilə onların tədrisi işi müasir tələblərə uyğun qurulmuşdur.
Hakimliyə namizədlərin beynəlxalq standartlara müvafiq, tam şəffaf şəraitdə seçimi aparılaraq, imtahanlarda müvəffəqiyyət qazanmış 56 nəfər namizəd ilkin tədris kurslarına cəlb edilmişdir. Hazırda onlar məhkəmələrdə təcrübə keçirlər.
Hakim kadrlarına olan ehtiyac nəzərə alınaraq, namizədlərin seçilməsi prosesinə yenidən başlanılmış və artıq 500-dək şəxs öz namizədliyini irəli sürmüşdür. 2005-ci ildə hakim vəzifəsinə seçim zamanı müsabiqədə iştirak edən hakimliyə namizədlərin böyük əksəriyyətinin kifayət qədər hazırlıq nümayiş etdirə bilmədiklərini nəzərə alaraq, yenidən sənəd verən namizədlərin imtahanlarda iştirak etməzdən əvvəl hazırlaşmaları üçün Məhkəmə-Hüquq Şurası tərəfindən müvafiq kurslar təşkil edilmişdir.
Qeyd olunmuşdur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi ilə bağlı məsələ Ali Məhkəmənin Plenumunda müzakirə olunmuş, tədris kurslarının proqramlarında bu mövzuya xüsusi yer ayrılmış, Ali Məhkəmədə müntəzəm seminarlar təşkil edilmişdir.
Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzinin bazasında ən yüksək statusa malik tədris ocağının yaradılması zəruriliyi qeyd olunmuşdur.
Ölkəmizdə aparılan islahatlar nəticəsində əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirən Dünya Bankı ilə aparılmış danışıqlar nəticəsində “Azərbaycanda ədliyyə sektorunun müasirləşdirilməsi” adlı birgə layihənin həyata keçirilməsi qərara alınmış, bu məqsədlə ən əlverişli şərtlərlə ölkəmizə 21,6 milyon ABŞ dolları məbləğində kreditin ayrılması, habelə həmin layihə çərçivəsində Yaponiya hökumətinin 3 milyon ABŞ dolları məbləğində əvəzsiz maliyyə dəstəyi göstərməsi razılaşdırılmışdır.
Layihəyə əsasən 17 yeni məhkəmə, o cümlədən yeni yaradılan məhkəmələr üçün müasir tələblərə cavab verən binaların tikilməsi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların texniki cəhətdən müasirləşdirilməsi və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur.
İclasda qeyd edilmişdir ki, bu günlərdə Məhkəmə-Hüquq Şurası sədrinin, Ali Məhkəmə sədrinin və baş prokurorun Əli Bayramlı, Gəncə və Şəkiyə səfəri zamanı Prezidentin müvafiq Fərmanının icrası ilə bağlı həmin bölgələrdə hakimlərin, prokurorluq, ədliyyə və yerli icra orqanlarının, habelə vəkillərin iştirakı ilə müşavirələr keçirilmiş, hər üç bölgə üzrə yeni yaradılan məhkəmələr üçün binaların tikilməsi məqsədi ilə müvafiq ərazilər seçilmişdir. Eyni zamanda, bu binalar tikilənədək məhkəmələrin fəaliyyətinin təmin edilməsi üçün binalar seçilmiş, onlara zəruri şərait yaradılması məqsədi ilə görüləcək işlər müəyyən edilmişdir.
Hakimlərin normal iş yükünün müəyyən edilməsi üçün ölkənin bütün hakimləri arasında sorğu keçirilərək nəticələr ümumiləşdirilmiş, ilkin mərhələdə ölkəmizin məhkəmələrinə 100-dən çox əlavə hakim ştat vahidinin ayrılmasına ehtiyac olduğu bildirilmişdir.
Fərmanın icrası ilə bağlı məhkəmələrdə keçirilmiş monitorinqlər nəticəsində bir sıra hakimlərin işlərə aşkarlıq prinsipini pozmaqla xidməti kabinetlərdə, xüsusi geyimdə olmadan baxdıqları, vətəndaşlara etinasız yanaşdıqları, süründürməçilik hallarına və digər ciddi nöqsanlara yol verdikləri aşkar edilmiş, bununla əlaqədar Məhkəmə-Hüquq Şurası tərəfindən intizam icraatları başlanmışdır.
İclasda həmin nöqsanlara görə 6 hakim intizam məsuliyyətinə cəlb edilmiş, qanun pozuntularına yol vermiş daha 2 hakim barəsində intizam icraatı başlanmışdır.
Şurada ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə görülən işlərin Azərbaycan-Avropa Şurası birgə işçi qrupunun Strasburqda keçirilmiş görüşlərində yüksək qiymətləndirildiyi vurğulanmış və Azərbaycanda məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi ilə bağlı tədbirlər müzakirə olunmuşdur.