Mehriban xanım Əliyevanın humanitar yardımları hər yerdə yüksək qiymətləndirilir
Bakı, 11 fevral, AZƏRTAC
Biz bir çox hallarda təbii fəlakətlərin qarşısını ala bilməsək də əlimizdən gələni edirik ki, onun acı nəticələrini aradan qaldıraq. Qardaş Türkiyədə dəhşətli faciələrə səbəb olan genişmiqyaslı zəlzələ nəticəsində zərərçəkmişlərə yardım məqsədilə Azərbaycan birlik olaraq hər cür köməklik göstərməyə hazırdır. Qardaş Türkiyənin bu ağır günlərində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə zəlzələ bölgəsinə göndərilən humanitar yardımlar da təbii ki, bu fəlakətin ağır nəticələrinin aradan qaldırılmasına müəyyən qədər köməklik edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
Politoloq bildirib ki, Mehriban Əliyevanın humanitar yardımları həm Azərbaycan tərəfindən, həm də həmin yardımları qəbul edən ölkələr tərəfindən yüksək qiymətləndirilir. Mehriban xanım belə hallarda həmişə xüsusi həssaslıq, humanistlik nümayiş etdirir və onun tapşırığı ilə bir çox yardımlar edilir.
Türkiyənin bizə qardaş və müttəfiq dövlət olduğunu vurğulayan Fikrət Sadıxov deyib: “Türkiyə daima Azərbaycanın yanında olub. Biz də həmişə Türkiyənin yanında olacağıq. Bu faciənin nəticələrinin tam aradan qaldırılması üçün əlimizdən gələni edəcəyik. Bu məsələdə Mehriban xanımın rolu çox yüksəkdir”.