Mehriban xanımın humanist addımları Türkiyə-Azərbaycan dostluğunun daha bir nümunəsidir
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan dövlətinin və vətəndaşlarının Türkiyədə zəlzələdən zərərçəkənlərin yanında olması, birlikdə çalışması bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən göstərilən yardımlar da xüsusi önəm daşıyır. Bu yardımlar əhəmiyyətli dərəcədə humanist yardımlardır. Eyni zamanda, Mehriban xanımın göstərişi ilə göndərilən yardımlar hər kəs tərəfindən yüksək qiymətləndirilir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli söyləyib.
O bildirib ki, birinci xanım Mehriban Əliyeva Azərbaycandan Türkiyəyə yardım məqsədilə göndərilən xilasedicilərimizə, tibb işçilərimizə və fədakarcasına çalışan digər insanlara da xüsusi təşəkkür edib. Qardaş ölkəyə yardımın vacib bir məsələ olduğunu diqqətə çatdıran Tahir Kərimli deyib ki, Mehriban xanım Əliyevanın rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım etməsi Azərbaycanın birinci xanımının insansevərliyini, mərhəmətini və şəfqətini, bu məsələyə həssas yanaşmasını, daim fədakar insanların yanında olduğunu göstərir. Bu baxımdan Mehriban xanımın paylaşımındakı fikirlər çox əhəmiyyətlidir. Onun bu humanist addımları həm Türkiyədə, həm də Azərbaycan cəmiyyətində yüksək qiymətləndirilir. Bu, Türkiyə-Azərbaycan dostluğunu, qardaşlığını bir daha möhkəmləndirəcək.