SİYASƏT
Meksikada Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Vaşinqton, 25 oktyabr, AZƏRTAC
Meksikanın ən əlamətdar milli günlərindən sayılan və vəfat etmiş insanları yad etmək üçün qeyd olunan “Ölülər Günü” münasibətilə Mexiko Şəhər hökumətinin təşəbbüsü və Azərbaycanın bu ölkədəki Səfirliyinin dəstəyi ilə Mexiko şəhərində yerləşən “La Ermita” Mədəniyyət Mərkəzində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş guşə yaradılıb.
AZƏRTAC xəbər verir ki, guşə iki gün ərzində şəhər sakinləri tərəfindən böyük maraqla ziyarət edilib.
Şəhid qəhrəmanlarımızın şəkillərinin yer aldığı xatirə guşəsi həm Azərbaycan, həm də Meksika mədəniyyətinə xas özəllikləri özündə ehtiva edib, “Ölülər Günü” ilə bağlı yerli Meksika adətləri ilə yanaşı, xalqımıza məxsus milli ornamentlərdən istifadə olunub.
Tədbirin açılışında ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov da iştirak edib, iştirakçılara Azərbaycanın uzun illər boyu üzləşdiyi erməni təcavüzündən və Vətən müharibəsi dövründə qəhrəmanlarımızın şücaəti barədə məlumat verib.