Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti müzakirə edilib
Bakı, 21 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin tabeliyində yaradıcılıq sahəsi üzrə fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyətin qiymətləndirilməsinə və bu sahədə səmərəliliyin artırılmasına həsr olunmuş müşavirə keçirilib.
Tədbirin keçirilməsinin məqsədi məktəbdənkənar təhsil sahəsinin mövcud vəziyyətini öyrənmək, daha çox uşaq və gəncin bu sahəyə cəlb olunmasına şərait yaradılmasını təmin etmək idi.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, məktəbdənkənar təhsil müəssisələri rəhbərlərinin iştirak etdikləri müşavirədə təhsil nazirinin müavini Firudin Qurbanov qeyd olunan təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən danışıb. Nazir müavini bildirib ki, gənc nəslin təlim-tərbiyəsinə göstərilən qayğı təkcə orta təhsil ilə məhdudlaşmayıb, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti üçün də nümunəvi şəraitin yaradılmasına diqqət artırılıb.
Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova cari ilin ilk altı ayı ərzində görülən işlər barədə məlumat verib, müəssisələrin fəaliyyətindən danışıb. Qeyd edilib ki, nazirliyin tabeliyində respublika üzrə 206 yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrin sırasına 82 uşaq yaradıcılıq mərkəzi, 59 texniki yaradıcılıq mərkəzi, 48 ekoloji tərbiyə və təcrübəçilik mərkəzi, 10 gənc turistlər və diyarşünaslıq mərkəzi, dörd məktəbdənkənar tərbiyə işi mərkəzi, üç estetik tərbiyə mərkəzi daxildir. Bakı şəhəri üzrə 35 yaradıcılıq profilli mərkəz fəaliyyət göstərir ki, bunlardan yeddi mərkəz Təhsil Nazirliyinin birbaşa tabeliyindədir. 171 mərkəz isə rayon təhsil şöbələrinin (idarələrinin) tabeliyindədir.
Müəssisə rəhbərləri çıxış edərək maddi-texniki bazanın yaxşılaşdırılması, normativ-hüquqi aktların yenidən işlənib hazırlanması, kadr potensialının artırılması və digər məsələlərlə bağlı təkliflər səsləndiriblər.
Sonra müzakirələr aparılıb.