Məktəblilər arasında Pakistan tarixinə həsr olunmuş müsabiqə keçirilib
Bakı, 4 aprel, AZƏRTAC
Paytaxtdakı 20 nömrəli məktəb-liseydə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Pakistan dostluğuna həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Tədbir Azərbaycanın və Pakistanın Dövlət himnlərinin səsləndirilməsi, Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Ağayeva OCEP çərçivəsində məktəbdə təşkil olunan tədbirlər, tədris ocağının əldə etdiyi uğurlardan danışıb.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva paytaxt məktəblərində uğurla həyata keçirilən layihə barədə məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində ölkələrin maddi-mənəvi irsinə dair keçirilən tədbirlər, idman həmrəyliyini təcəssüm etdirən silsilə mərasimlər, intellektual yarışlar olimpiya dəyərlərini təbliğ etməklə yanaşı, dünya ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək baxımından böyük əhəmiyyət daşıyır.
İdarə müdiri layihə çərçivəsində Azərbaycan və Pakistan dostluğuna həsr olunan tədbiri yaxın dost, etibarlı müttəfiq olan ölkələrimizin birliyi baxımından yüksək qiymətləndirib. Vurğulayıb ki, hər iki ölkə məktəblilərinin layihə çərçivəsində əməkdaşlığı Azərbaycan və Pakistan arasında uğurla davam edən siyasi, iqtisadi, mədəni, müdafiə və digər sahələrdəki əlaqələrə töhfədir.
Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye Azərbaycanla Pakistanı keçmişdən bu günə bağlayan tarixi-siyasi, mədəni-mənəvi və etnik köklərdən danışıb. Səfir ölkəsi barədə Bakı məktəblilərinin iştirakı ilə hazırlanan maraqlı proqramı hər iki xalqın sarsılmaz birliyinin ən gözəl nümunəsi adlandırıb.
Tədbirdə Yasamal rayonu üzrə 11 ümumtəhsil məktəbinin şagirdləri arasında Pakistanın tarixinə, mədəniyyət və incəsənətinə, turizminə həsr olunmuş müsabiqə keçirilib. Müsabiqədə qalib gələn məktəblilər hədiyyələrlə mükafatlandırılıb.
Daha sonra şagirdlərin ifasında Pakistan və Azərbaycanın milli rəqsləri, adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş olunub.