Məktəblilər üçün iqlim dəyişmələri mövzusunda cizgi filmi hazırlanıb
Bakı, 25 dekabr, AZƏRTAC
“Sağlam mühit - sağlam gələcək” layihəsi çərçivəsində məktəblilər üçün iqlim dəyişmələri mövzusunda cizgi filmi hazırlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cizgi filmi məktəblinin dili ilə məişətdə iqlim dəyişmələrinin qarşısının necə alına biləcəyindən bəhs edir.
Layihə çərçivəsində daha iki öyrədici animasiya filminin hazırlanaraq məktəblilərə, valideyn və müəllimlərə təqdim olunması nəzərdə tutulub. Həmçinin iqlim dəyişmələrinin şəhər həyatı və təbiətdə yaratdığı fəsadlar, onların qarşısının alınması barəsində azyaşlı məktəblilər üçün maarifləndirici videooyun tətbiqinin hazırlanması planlaşdırılıb.
Qeyd edək ki, sözügedən layihə 2016-2020-ci illər üçün Azərbaycan hökuməti ilə UNICEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi cəmiyyətdə dayanıqlı inkişaf məqsədləri üzrə məlumatlılığın artırılması, ekoloji mədəniyyətin və məişətdə iqlim dəyişmələrinin qarşısının alınması üçün davranış tərzinin formalaşdırılmasıdır.
2019-cu ilin iyun ayından başlanan “Sağlam mühit - sağlam gələcək” layihəsi çərçivəsində bu günədək Bakı və Sumqayıt şəhərləri üzrə 170 sinif müəllimi iqlim dəyişmələri, ekosistem xidmətləri, su-sanitariya-gigiyena mövzuları üzrə təlim keçib. Bununla yanaşı, layihənin hədəf qrupu kimi valideynlər üçün məişət zəminində iqlim dəyişmələrinin qarşısının alınması vasitələrinin öyrədilməsinə dair onlayn vebinarlar təşkil olunub.