Məktəblilər Xocalı soyqırımı haqqında sənədli filmi izləyiblər
Gəncə, 24 fevral, Elcan Məmmədov, AZƏRTAC
Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində “Xocalının səsi” qəzetinin və Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə məktəblilər üçün Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sənədli film nümayiş etdirilməmişdən əvvəl “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu, Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tofiq Məmmədov və Xocalı Rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühasibi Vasif Bağırov şagirdlərə Xocalı soyqırımı haqqında məlumat veriblər.
Bildirilib ki, sənədli filmin nümayiş etdirilməsi başımıza gətirilən müsibətlərin unudulmaması, gələcək nəsillərə çatdırılması məqsədini daşıyır. Eyni zamanda, bu cür sənədli filmlər şagirdlərin vətənpərvərlik ruhunu və mübarizlik əzmini artırmalıdır. Necə mənfur düşmənlə qonşu olduğumuzu indiki və gələcək nəsillər yaxşı bilməlidirlər. 44 günlük Vətən müharibəsində şagirdlərimiz şanlı Zəfər tariximizi görmələri ilə yanaşı, erməni quldurlarının Gəncə və digər şəhərlərdə yaşayan dinc sakinləri raket atəşinə tutmalarına da şahidlik etdilər. Haqq savaşımızda düşmən diz çökdürüldü. Milli həmrəylik nəticəsində, qəhrəman oğulların hünəri və Ali Baş Komandanımızın qətiyyəti sayəsində torpaqlarımız düşmən tapdağından azad edildi.