Melburnda “Leonardo da Vinçi – dahinin 500 illiyi” sərgisi açılacaq
Bakı, 4 mart, AZƏRTAC
Martın 16-da Melburndakı “Lume” Sərgi və Konfrans Mərkəzində “Leonardo da Vinçi - dahinin 500 illiyi” sərgisi açılacaq.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İntibah dövrünün ən məşhur dahisinə həsr olunmuş maraqlı rəqəmsal sərgi çərçivəsində ilk dəfə Avstraliyada Leonardo da Vinçinin 12 cildlik “Atlantik Kodeksi” epopeyasının orijinal səhifələri təqdim olunacaq.
1637-ci ildən Milanın “Ambrosiana” kitabxanasında saxlanılan və İtaliya Mədəniyyət Nazirliyinin icazəsi ilə qismən Avstraliyaya göndərilən bu epopeya çoxcildliyi 1478-1519-cu illəri əhatə edən 1119 səhifədən ibarətdir. Onlarda müxtəlif mövzularda - aerodinamika, döyüş maşınları, musiqi alətləri, həndəsə, botanika və sairə üzrə təsvirlər və qeydlər var. Bu monumental əlyazma heykəltəraş Pompeo Leoni tərəfindən XVI əsr Florensiya nəşrinin səpələnmiş vərəqlərindən tərtib edilib, onun məhsuldar eskizləri, dizaynları, ixtiraları və yazıları tez-tez dahi şəxsiyyətin məşhur şah əsərlərinin kölgəsində qalır. “Atlantik Kodeksi”nin geniş ictimaiyyətə ilk təqdimatı 2009-cu ilin sentyabrında Milanda, sonuncu və iyirmi dördüncü təqdimatı isə 2015-ci ildə baş tutub. Əsər 50 səhifəlik kiçik hissələrlə nümayiş etdirilib və hər sərgi üç ay davam edib.

“Ambrosian” kitabxanası və İtaliya dövləti ilə danışıqların çox hissəsini aparan “Lume” mərkəzinin qurucusu Bryus Peterson “Atlantik Kodeksi”ni “Leonardonun zehninin parlaqlığına açılan qapı” adlandırır. “Onun dizaynları və ixtiraları bir bünövrə idi və o, şübhəsiz ki, bütün zamanların ən böyük dahisi olub. Leonardo da Vinçi fiziki dünyanı dəyişdirməyə çalışırdı”, -deyən Peterson əlavə edib ki, eksponat obyektlərinin daşınması və sığortalanması üçün şəxsi kapitalından 2 milyon dollardan çox vəsait xərcləyib.
“Atlantik Kodeksi”nin yalnız dörd səhifəsi Melburnda nümayiş etdiriləcək, çünki 500 illik kövrək səhifələr ardıcıl 90 gündən çox işığa tab gətirə bilməz, bundan sonra onlar ən azı daha beş il ərzində tam qaranlıq otağa qaytarılmalıdır.
Avstraliya Katolik Universitetinin tarixçisi və erkən müasir tədqiqatlar professoru Syuzan Bramhall “Atlantik Kodeksi”ni Leonardonun əlyazmalarının “böyük atası” kimi xarakterizə edir. O əlavə edib: “İnsanlar Leonardonun yaradıcılığı ilə kifayət qədər tanışdırlar və bütün dünyada elə muzeylər var ki, gedib onun əsərlərinə baxmaq və onlara kifayət qədər yaxın dayanmaq olar. Amma çox nadir haldır ki, bir neçə alimdən başqa kimsə onun əlyazmalarına yaxınlaşa bilir. Dünyadakı bu kitabxanalara və arxivlərə girib onlara baxa bilməzsiniz”. Bramhall deyir ki, “Atlantik Kodeksi”nin səpələnmiş vərəqləri tamaşaçıya “haqqında düşündüyü şeylərin müxtəlifliyi və təsəvvür etdiyi mümkün məfhumların miqyası” haqqında bir fikir verir.
Melburn sərgisində, həmçinin Romadakı Leonardo da Vinçi Muzeyində sənətkarlar tərəfindən yaradılan Leonardo dizaynlı 40 maşın və qurğular, o cümlədən sualtı nəfəs aparatı, hərəkəti nizamlayan çarx, avtomobil domkratı və əfsanəvi uçan maşın nümayiş etdiriləcək.

Melburn sərgisində “Mona Liza” və ya “Sirli axşam ziyafəti” əsərləri də diqqətdən kənarda qalmayıb. Leonardonun rəsmləri 300 kvadratmetr sahəni əhatə edən nəhəng multisensor qalereyasında rəqəmsal şəkildə təqdim olunacaq.
Syuzan Bramhallın qeyd etdiyi kimi, incəsənət, memarlıq, mühəndislik, fizika - Leonardo bütün bu sahələrdə mübahisəsiz bir ustad idi, lakin onun marketinq dühası daha az tanınırdı. O əlavə edib: “Dahi o şəxsdir ki, onun layihələrinin əksəriyyəti işlək deyil. Ancaq onun həmişə nüfuzlu adamları olub: ideyalarına və vədlərinə görə ona pul ödəyən krallar və hersoqlar vardı. Leonardo bir sıra yarımçıq sifarişləri geridə qoydu, amma Mediçi və Sforza ona yeni layihələr sifariş verməkdə davam edirdilər. O, bu nüfuzlu adamlara xəyallarını, gələcək arzularını satırdı. Bir şeyə nail olmaq üçün xəyal etməlisən və o zamanlar insanların heyran olduğu şey - Loenardonun açdığı yeni üfüqlər idi.”