“MƏNİM AİLƏM” MÖVZUSUNDA MÜSABİQƏ-SƏRGİ KEÇİRİLMİŞDİR
Tofiq İsmayılov adına Uşaq-gənclər yaradıcılıq sarayının “Uşaq dünyası” qalereyasında “Əl işləri”, “İnşa yazı” və “Təsviri sənət” nominasiyaları üzrə 50 uşağın 80 rəsmi nümayiş etdirilir.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova dedi ki, bu tədbir uşaqların və yeniyetmələrin diqqətini ailə məsələlərinə cəlb etmək, bu kiçik cəmiyyətdə öz yerlərini və vəzifələrini düzgün müəyyənləşdirməkdə onlara yardımçı olacaqdır. O, ölkəmizdə uşaqların inkişafı ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.
Yaradıcılıq sarayının direktoru Bədayə Ramazanova, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək, uşaq və yeniyetmələrin təhsil və tərbiyəsi, ailədə öz yerlərini müəyyənləşdirmələri üçün belə tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyini vurğuladılar.
Əməkdar rəssam Ənvər Qarayevin sədrlik etdiyi münsiflər heyətinin qərarına əsasən, hər üç nominasiya üzrə ilk üç yeri tutanlara fəxri fərmanlar, “Təsviri sənət” nominasiyası üzrə fərqlənənlərə sertifikatlar, bütün iştirakçılara həvəsləndirici mükafatlar təqdim olunmuşdur.