Məntəqə sədrləri: Ahıl yaşlı vətəndaşlar da məntəqələrə gəlib səs verirlər
Bakı, 7 fevral, Göyçək Mahmudlu, AZƏRTAC
16 saylı Yasamal 2-ci seçki dairəsinin 3 saylı seçki məntəqəsində 1400-dən çox seçici var. Səhər saat 8-dən etibarən başlayan növbədənkənar prezident seçkilərində seçicilər aktiv iştirak edirlər. Hətta ahıl yaşda olan vətəndaşlar da özləri gəlib səs verirlər.
Bunu AZƏRTAC-a müsahibəsində məntəqə sədri Mübariz Hümmətov deyib.
O, bildirib ki, 6 seçicinin sağlamlıq durumları ilə bağlı məntəqəyə gələ bilmədikləri üçün onların ünvanına daşınan qutu göndəriləcək.
“Seçici fəallığı və vətəndaşların yüksək əhval ruhiyyə ilə iştirakı bizi çox sevindirir”, - deyə M.Hümmətov qeyd edib.
16 saylı Yasamal 2-ci seçki dairəsinin 4 saylı seçki məntəqəsinin sədri Eldəniz Məhərrəmov isə məntəqədə seçici sayının 1450-dən çox olduğunu, onlardan 18 nəfərin 18 yaşlı vətəndaşlar olduğunu qeyd edib: “Yaşı 80-dən yuxarı olan 8 seçicimiz var. Onlardan 5-i özü məntəqəyə gəlib səs vermək istədiyini bildirib. Üç ahıl yaşlı vətəndaşa, o cümlədən xəstələrə daşınan qutular göndəriləcək. Seçici fəallığı çox yüksəkdir”.