CƏMİYYƏT
“Mərkəzi Asiya-Qafqaz Təqaüd Proqramı”nın iştirakçıları ilə görüş olub
Vaşinqton, 3 noyabr, AZƏRTAC
Azərbaycanın ABŞ-dakı səfirliyində Ramsfeld Fondunun “Mərkəzi Asiya-Qafqaz Təqaüd Proqramı” (CAMCA) 2024-cü il payız sessiyası təqaüdçüləri üçün qəbul təşkil olunub.
AZƏRTAC-ın məlumatına görə, qəbulda səfir Xəzər İbrahim, CAMCA proqramının təqaüdçüləri, Ramsfeld Fondunun nümayəndələri, dövlət və düşüncə mərkəzlərinin üzvləri iştirak ediblər.
Qəbulda çıxış edən səfir Xəzər İbrahim ölkəmizin regional əhəmiyyətini vurğulayıb, CAMCA proqramının regional məsələlərin əhatə edilməsi baxımından gördüyü işləri yüksək qiymətləndirib.
Daha sonra çıxış edən proqramın direktoru David Soumbadze CAMCA-nın Azərbaycan səfirliyi ilə uzun illərdir davam edən yaxın təmaslarından bəhs edib və qəbul üçün təşəkkür edib. Proqramın azərbaycanlı iştirakçısı Zalbəy Ağadadaşov da proqramın müsbət tərəfləri ilə bağlı fikirlərini paylaşıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton