İQTİSADİYYAT
Mərkəzi Bank Vətən müharibəsi ilə bağlı dəstək tədbirlərini davam etdirir
Bakı, 21 dekabr, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, tarixi ədalət bərpa olundu. Vətən müharibəsində yeni tarix yazıldı. Bu gün hər bir azərbaycanlının ürəyi bu şanlı tarixi hadisəyə görə qürur hissi ilə döyünür, milli birliyimiz möhkəmlənir, ölkəmizin daha da inkişaf edəcəyinə əminliklə inanır. Bu gün dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin hörmət və ehtiramla böyük diqqət və qayğı göstərir. Azərbaycan Mərkəzi Bankı (AMB) da bu milli həmrəyliyə qoşularaq onlara dəstək göstərir.
Mərkəzi Bank işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan ordumuza dəstək məqsədilə Azərbaycan Ordusuna Yardım Fonduna vəsait köçürüb, Mərkəzi Bankın əməkdaşları da bu xeyriyyəçilik tədbirinə könüllü surətdə qatılıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Biləsuvar rayonundan olan 30 şəhidin qəbirüstü abidəsinin düzəldilməsi maliyyələşdirilib. Eyni zamanda, Cəbrayıl rayonundan olan 27 şəhidin ailəsinə, habelə Vətən müharibəsində ağır yaralanmış və müxtəlif xəsarətlər almış 5 hərbçiyə maliyyə yardımı edilib. Döyüşlərdə ağır yaralanan bir əsgərin xarici ölkələrin birində müalicə edilməsi nəzərdə tutulur.