Mərkəzi Bankda 20 Yanvar Şəhidlərinin xatirəsi anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Mərkəzi Bankda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Mərkəzi Bankın kollektivi 20 Yanvar faciəsində Vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi qeyd edilən tədbirdə vurğulandı ki, bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir. Lakin, 1990-cı ilin 20 yanvar tarixi Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi. Tədbirdə bildirildi ki, məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Anım mərasimində XX əsrin son onilliyinin tarixi səhifələnərək vurğulandı ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd atılmış addım kimi pisləyib, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyərək Sovet hakimiyyətinin qanlı siyasətini ifşa edib. Xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərimizin canlarını uğrunda fəda etdikləri azadlıq və müstəqillik ideyalarını reallığa çevirib.
Bu gün də bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş milli iqtisadiyyatımız dinamika, stabillik və dayanıqlıq nümayiş etdirib. Hələ müstəqillik uğrunda ilk mübarizələr zamanı Azərbaycanın suveren, siyasi, sosial-iqtisadi cəhətdən güclü bir dövlətə çevrilməsi bir arzu idisə, bu gün müasir dünya arenasında öz dəst-xətti ilə seçilən dövlətçiliyimiz artıq bariz reallıqdır.
Uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq toplanmış maliyyə-iqtisadi potensial sayəsində Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatda gedən mürəkkəb proseslərə rəğmən dayanıqlıq nümayiş etdirir və inkişaf edir. Həyata keçirilən iqtisadi islahatlar xarici mühitdən gələn risklərə və çağırışlara adekvat cavab verməyə imkan yaradır. Ölkənin iqtisadi dayanıqlığı və güclü beynəlxalq nüfuzu qorunur.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr edilmiş film nümayiş etdirildi.