İQTİSADİYYAT
Mərkəzi Bankın sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
![Mərkəzi Bankın sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb](/files/2023/1/1200x630/1676278126266625833_1200x630.jpg)
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Avstriyada yaşayan müsabiqə qalibi Emil Məmmədli ilə onlayn, Fərid İsayev ilə üz-üzə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, T.Kazımov proqramın hər iki iştirakçısını ikinci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında olmaları münasibətilə təbrik edərək onların idarəetmə sahəsində təcrübələri ilə maraqlanıb, müsabiqə qaliblərinin praktiki fəaliyyətə cəlb olunmaqla təcrübələrinin artırılmasına dəstək olacağını qeyd edib. Layihənin idarəçi rəhbərlərindən biri kimi birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini və potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini diqqətə çatdırıb. Qeyd edilib ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Mərkəzi Bank tərəfindən lazımi şərait yaradılacaq.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində mentorluq proqramı çərçivəsində Mərkəzi Bankın sədrinə yaradılan imkana görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.