MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ BERLİN DİVARININ ALTINDAN LAĞIM ATIBMIŞ
Nəhayət, yarım əsr sonra Berlindəki Müttəfiqlər Muzeyində açılan sərgi “soyuq müharibə”nin bu epizodu üzərinə işıq salmışdır.
1955-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin (ABŞ) agentləri və onların britaniyalı həmkarları ikiyə bölünmüş Berlinin onlara aid zonasından sovet sektorunadək lağım atırlar. Məqsəd sovet ordusunun telefon danışıqlarını xəlvəti dinləmək idi. 449,88 metr uzunluğunda olan və üçdə iki hissəsi ADR ərazisindən keçən tunel son dərəcə məxfi şəraitdə və ehtiyatla qazılmışdı ki, düşmən bundan xəbər tutmasın. Üç min ton torpağı gizlincə daşımaq üçün də lazımi ehtiyat tədbirləri görülmüşdü. 1955-1956-cı illərin qışında tuneldə hətta soyutma sistemi də quraşdırmaq lazım gəlmişdi, çünki havalar mülayim keçdiyindən marşrut boyu qar əriyirdi.
“Qold” planı 1955-ci il mayın 11-də qüvvəyə minir. Vaşinqtonun 6 milyon dollar ayırdığı və Londonun həyata keçirdiyi bu plan təxminən 50 min makara xəlvəti dinləmə məlumatı yazmağa imkan vermişdi. Halbuki sovetlər bu plandan bel və külünglər hələ işə düşməzdən əvvəl xəbərdar idi. Artıq 1953-cü ilin axırlarında Moskva ilk mənbədən məlumat almışdı: Şimali Koreyada əsirlikdə olarkən SSRİ Dövlət Təhlükəszliyi Komitəsi tərəfindən əməkdaşlığa cəlb edilən britaniyalı diplomat Corc Bleyk Londona qayıtdıqdan sonra xüsusi xidmət orqanlarına yeridilmişdi. O vaxt DTK-nın Berlindəki rezidentliyinin başçısı olmuş general Sergey Kondraşov xatirələrində yazır ki, Bleyk sovet tərəfinə gələcək İngiltərə-Amerika tuneli çertyojlarının yeddi səhifəsini vermişdi.
Kondraşov dilemma qarşısında qalmışdı: bunu açıb-ağartmaq Londonda çox dəyərli agent olan Bleyki təhlükə qarşısında qoymaq demək idi. Nəticədə DTK danışıqlarını Qərbin 11 ay dinlədiyi sovet ordusunun xüsusi xidmət idarəsinə - özünün rəqibi Baş Kəşfiyyat İdarəsinə “heç nə demədi”. Bütün bu aylar ərzində sovet ordusu ADR və Polşadakı sovet qoşunları barədə çox mühüm informasiyalar, habelə Kremlin nüvə proqramı üçün nəzərdə tutulan Şərqi Almaniya uranı haqqında düşmənə çox mühüm məlumatlar verdi. O vaxtlar MKİ-nin Berlin rezidentliyində ikinci şəxs olan Devid Merfi hesab edir ki, bu, “misilsiz mənbə” idi. DTK-da 1955-1957-ci və 1963-1967-ci illərdə Almaniya üçün cavabdeh olan general Kondraşov deyir ki, DTK Londonda Corc Bleykin “üzə çıxarılacağından” qorxaraq, bu kanaldan hətta “dezinformasiya” vermək üçün də istifadə etməkdən çəkinirdi.
Buna baxmayaraq, tunel əhvalatını bağlamaq vaxtı çatmışdı. 1956-cı il aprelin 22-də Vladimir Leninin doğum günü sovetlər yaz yağışından meydança düzəltmək bəhanəsi ilə istifadə etdilər. Şərqi Almaniya istehkamçıları lağımı “təsadüfən” aşkarladılar. MKİ-nin son məqamda yazdığı söhbətdə istehkamçılardan biri beli torpağa sancır və lağımı görcək qışqırır: “Bir buraya baxın!”. Yüzədək “Ampeks-350” maqnitofonu görən digər istehkamçının gözləri kəlləsinə çıxır və “Fantastika!” deyə cavab verir.
O ki qaldı Corc Bleykə, onu düşmən tərəfinə keçən polşalı agent satmışdı. 1961-ci ildə Bleyk 42 il müddətinə həbs cəzasına məhkum edilmişdi. Lakin o, qaça bilmişdir və indiyədək Moskvada yaşayır.