SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Martın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Komissiya Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 31 saylı Kəpəz seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Avtandil Musa oğlu Məmmədovun şikayət ərizəsinə baxaraq, dairə seçki komissiyasının onun namizədliyini qeydə almamaq haqqında qərarını ləğv etmişdir. A.Məmmədovun namizədliyinin qeydə alınması haqqında qərar qəbul olunmuşdur.
Milli Məclisə seçkilər üzrə 29 saylı Əli Bayramlı - Salyan seçki dairəsində namizədliyi qeydə alınmış Möhtərəm Bulud oğlu Həsənovun ərizəsinə əsasən onun namizədliyini qeydə almaq barədə dairə seçki komissiyasının qərarı ləğv edilmişdir.
Milli Məclisə 2002-ci il aprelin 12-nə təyin edilmiş əlavə seçkilərlə bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən dairə və məntəqə seçki komissiyası üzvləri üçün seminar-müşavirələrin keçirilməsi məsələsi müzakirə edilmişdir. Mərkəzi Seçki Komissiyasının hər üç qanadını təmsil edən üzvləri və Mərkəzi Seçki Komissiyası Aparatının seçkilərin keçirilməsi üzrə Beynəlxalq sertifikatlara layiq görülmüş əməkdaşları 2002-ci il martın 18-19-da 29 saylı Əli Bayramlı-Salyan, martın 22-23-də Nərimanov Birinci, aprelin 3-4-də 31 saylı Kəpəz seçki dairələrində treninq /təlim/ xarakterli seminar- müşavirələr keçirəcəklər. Həmin seminar-müşavirələrdə Seçki Sistemləri üzrə Beynəlxalq Seçki Fondunun Bakıdakı nümayəndəliyinin əməkdaşlarının da iştirak etməsi nəzərdə tutulmuşdur.
Iclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat Xidməti