MƏTBUAT ŞURASI KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNƏ MÜRACİƏT QƏBUL ETMİŞDİR
Müraciətdə bildirilir ki, hər bir dövlətin müstəqilliyinin qorunması, daxili və xarici təhlükəsizliyinin təminatı onun silahlı qüvvələrinin gücü və qüdrəti ilə üzvi surətdə bağlıdır. Azərbaycan Silahlı Qüvvələri də yarandığı gündən inkişafdadır. Ölkə vətəndaşları, ayrı-ayrı müəssisə və təşkilatlar Silahlı Qüvvələrə Yardım Fonduna vəsait keçirməklə həmin prosesin sürətləndirilməsinə olan maraqlarını ifadə edirlər. Bütün bunlar vətənpərvərlik mövqeyindən irəli gəlir.
Lakin Mətbuat Şurası Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin arzu edilən səviyyədə olmadığı qənaətindədir və bunun səbəblərini vətəndaşların maraq hissinin zəifliyində yox, aparılan təbliğatın lazımi səviyyədə olmamasında görür.
Qurum hesab edir ki, işğal altında olan ərazilərimizin siyasi-diplomatik yolla azad edilməsi imkanları hələ tükənməmişdir. Amma unutmaq olmaz ki, danışıqlar nəticə verməsə, Azərbaycan sərhədlərini digər yolla bərpa etmək hüququnu özündə saxlayır.
Mətbuat Şurası bunu nəzərə alaraq, ölkənin kütləvi informasiya vasitələrinə Silahlı Qüvvələrə Yardım Fondu ilə bağlı mövzuları yenidən gündəliyə gətirməyi, yardımın zəruriliyini təbliğ edən materiallar, reklamlar, video çarxlar verməyi tövsiyə edir.