Metronun stansiyalarında narkomanlığa qarşı mübarizəyə dair sosial reklamlar yerləşdirilib
Bakı, 21 dekabr, AZƏRTAC
Metronun stansiyalarında narkomanlığa qarşı mübarizəyə dair sosial reklamlar yerləşdirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildiriblər.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.35-ci bəndinin icrası ilə əlaqədar İşçi Qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində 20 ədəd sosial lövhə “Memar Əcəmi”, “Koroğlu”, “Azadlıq”, “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “İnşaatçılar”, “Nəsimi”, “Gənclik”, “Nəriman Nərimanov” və digər stansiyalarda quraşdırılıb. Bu sosial lövhələrin bir il ərzində nümayişi nəzərdə tutulub.
Eyni zamanda, görülən işlərin davamlılığını təmin etmək məqsədilə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi bitdikdən sonra Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni sosial çarxların metro stansiyalarındakı monitorlarda da nümayişi planlaşdırılır.