Məzun: Komandirlərimizin bizə öyrətdiklərini Silahlı Qüvvələrimizdə tətbiq edəcəyimizə söz veririk
Bakı, 24 iyun, AZƏRTAC
Beş il əvvəl Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutuna daxil olmuşam. Bu gün mən artıq bu institutdan məzun oluram. Bütün gənc zabit heyətini və onların valideynlərini səmimi qəlbdən təbrik edirəm. Bizim təhsil almağımızda əziyyəti olan bütün komandirlərə və pedaqoji heyətinə təşəkkürümüzü bildirir, onların bizə öyrətdikləri hərb elminin sirlərini gələcəkdə Azərbaycan Silahlı Qüvvələrində layiqincə tətbiq edəcəyimizə söz verirəm.
Bu barədə iyunun 24-də Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda 2023-cü il üzrə məzun buraxılışına həsr olunan təntənəli keçirilən mərasimdən sonra leytenant Bayram Əlizadə AZƏRTAC-a müsahibəsində deyib.
Qarşıdan gələn 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçiləri təbrik edən məzun deyib: “Təhsil aldığımız müddətdə bizim üçün yaradılan hərtərəfli şəraitə, diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, eləcə də Müdafiə Nazirliyinin və hərbi institutun rəhbərliyinə minnətdarımı bildirirəm. Bu gün yaxınlarım və mənim üçün çox sevincli gündür. Buraxılış mərasimi münasibətilə keçirilən tədbirdə valideynlərim, atam, anam, qardaşım buraya gəlib sevincimi paylaşırlar. Odur ki, mən də gənc zabitləri və onların valideynlərini səmimi qəlbdən təbrik edirəm.
Hazırda hərbi texnika sahəsi inkişaf etdiyi, mənim də ixtisasım avtomatik idarəetmə sistemləri ilə bağlı lazımlı peşə olduğu üçün hərb sənətini seçərək bu sahəyə yiyələnmişəm”.