Mil-Muğan regionunda yazıb-yaradan yazıçı və şairlərin əsərlərindən ibarət antologiya nəşr olunacaq
Sabirabad, 12 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq, Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsi, Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü, “Hophopnamə” Kitab Mərkəzi və “Mücrü” nəşriyyatının birgə təşkilatçılığı ilə "Hophopnamə" Kitab Mərkəzində “İkinci həyat” adlı kitab sərgisi keçirilib.
Mil-Muğan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sərginin açılışında Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, regionda mütaliə mədəniyyətinin inkişaf etdirilməsində kitab sərgilərinin keçirilməsinin əhəmiyyətindən söz açıblar.
"Mücrü" nəşriyyatının rəhbəri, yazıçı Müşfiq Xan da öz növbəsində çıxış edərək, sərginin təşkil olunmasında yaradılan şəraitə görə minnətdarlığını bildirib, “Hophopnamə” Kitab Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Naşir, eyni zamanda, vurğulayıb ki, "Mücrü" nəşriyyatı tərəfindən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi regionda yazıb-yaradan yazıçı və şairlərin seçilmiş əsərlərindən ibarət antologiya nəşr olunacaq. Mil-Muğan Regional Mədəniyyət İdarəsinin və "Mücrü" nəşriyyatının birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələcək antologiyanın “Hophopnamə” Kitab Mərkəzində təqdimatının keçiriləcəyi də diqqətə çatdırılıb.
Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, gənclərin, müəllim və məktəblilərin iştirak etdiyi sərgidə “Mücrü” nəşriyyatının çap etdiyi dünya və yerli ədəbiyyat nümunələri ilə bərabər, uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər də təqdim olunub.