Milli Azərbaycan Tarixi Muzeyində Ceyhun Hacıbəyliyə aid materiallar qorunur
Bakı, 21 may, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda və Xəritələr sektorunda görkəmli ictimai-siyasi xadim və milli mədəniyyətimizin tanınmış siması Ceyhun Hacıbəyliyə məxsus maraqlı materiallar saxlanılır. Muzeydən AZƏRTAC-a bildirilib ki, materiallar onun fotoşəklindən, türk, fransız və ingilis dillərində qələmə aldığı hekayələrin əl və makina yazılarından, digər azərbaycanlı mühacir Qalib Amaməlibəyovun ona göndərdiyi məktubdan, habelə Azərbaycan nümayəndə heyətinin 1919-cu ildə Paris Konfransı üçün fransız dilində tərtib etdiyi Cümhuriyyətin xəritəsi və 1923-1924-cü illər Lozanna Konfransına rusca təqdim etdiyi Cümhuriyyətin Dövlət Bankı haqqında məlumatdan ibarətdir. Bu materiallar Azərbaycan Xalq Cümhuriyyəti tarixinin və C.Hacıbəyli irsinin tədqiq və təbliği baxımından əhəmiyyətlidir.