İQTİSADİYYAT
MİLLİ BANKIN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmov ölkəmizdə rəsmi səfərdə olan İran Ticarət, Sənaye və Mədən Palatasının sədri Seyid Əli-Nağı Xamuşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin İrana səfərindən sonra ölkələrimiz arasında əməkdaşlığın daha da intensivləşdiyi vurğulanmışdır. Qonaqlar iranlı iş adamlarının Azərbaycanda onlara göstərilən münasibətdən razı olduqlarını bildirmiş və ikitərəfli iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Azərbaycanın bank sisteminin mövcud vəziyyəti ilə maraqlanmışlar.
E.Rüstəmov ölkələrimiz arasında iqtisadi əlaqələrə dair göstəricilərin qaneedici səviyyədə olduğunu vurğulamış, lakin əməkdaşlıq üçün daha geniş imkanlarının olduğunu bildirmişdir. O, ikitərəfli iqtisadi əməkdaşlıqda bank sisteminin rolundan danışmış, son illər ölkənin bank sistemində aparılan islahatlar barədə məlumat verərək demişdir ki, indi Azərbaycanda sağlam bank sistemi mövcuddur və bu, xarici sərmayədarların normal biznes fəaliyyətinə tam imkan verir. İran və Azərbaycanın iş adamları iqtisadi əməkdaşlıq üçün istər Azərbaycanda fəaliyyət göstərən İran Milli Bankının filialının, istərsə də digər kommersiya banklarının xidmətlərindən tam istifadə edə bilərlər. MB İdarə heyətinin sədri manatın MDB məkanında ən sabit valyutalardan biri olduğunu söyləyərək, ikitərəfli əmədaşlıqda milli valyutaların da istifadə imkanlarının mövcudluğundan danışmışdır. E.Rüstəmov İran Milli Bankı ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində də fəaliyyətin genişləndirilməsi zəruriliyini qeyd etmiş və Azərbaycan Milli Bankının buna hazır olduğunu bildirmişdir.
İran nümayəndə heyətinin üzvləri ölkəmizdə kreditlərin verilməsi mexanizmi və sahibkarlara dövlət dəstəyi ilə də maraqlanmışlar. Onlara son zamanlar sahibkarlığın inkişafı sahəsində Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər barədə məlumat verilmişdir.
Azərbaycanda kommersiya banklarının fəaliyyətinin tənzimlənmə mexanizmi, liberal və çoxseqmentli valyuta bazarının mövcud olması, manatın tam daxili dönərliyinin təmin olunması, xarici sərmayədarların vəsaitlərinin hərəkətini nizamlayan qaydalar barədə məlumatlar da qonaqlarda maraq doğurmuşdur.