“MİLLİ BOMBA” FİLMİ MOSKVADA NÜMAYİŞ ETDİRİLMİŞDİR
Filmin rejissoru Azərbaycan Dövlət mükafatı laureatı, Avropa Kino və Televiziya Akademiyasının üzvü Vaqif Mustafayevdir. Ssenari müəllifləri xalq yazıçısı Elçin və Vaqif Mustafayevdir. Filmin baş prodüseri Avrasiya Televiziya və Radio Akademiyasının vitse-prezidenti, “SKİP-media” kino şirkətinin prezidenti Valeri Ruzindir.
Vaqif Mustafayevin bu ekran əsəri həm kino həvəskarları, həm də tanınmış ingilis rejissoru Alan Parkerin başçılıq etdiyi münsiflər heyəti tərəfindən böyük maraqla qarşılandı.
Tanınmış gürcü və Azərbaycan aktyorlarının çəkildikləri bu film Sovet İttifaqının süqutundan sonrakı keçid dövründə insanların məruz qaldıqları faciəli hadisələrdən bəhs edir. “Milli bomba” yeni Azərbaycan kinematoqrafının problemləri barədə də hekayətdir. Həm təbəssümlə, həm də kədərlə qarşılanan filmdə günlərin bir günü xidmətlərinə daha tələbat olmadığına görə kinostudiyada işdən çıxarılan qoçaman montajçının və cavan rejissorun obrazları canlandırılır. Vaqif Mustafayev öz komediyasında bu insanların qüssə-kədərini göstərir, eyni zamanda, öz qəhrəmanlarının həyatının və o dövrün çox ciddi sosial, bəzən də siyasi problemlərinə toxunur. Müəllifin məharətlə bəhrələndiyi milli kolorit və duzlu-məzəli yumor filmə xüsusi cazibədarlıq verir.
Baş rolu oynayan gürcü aktyoru Aftandil Maxaradzenin, Azərbaycan aktyorları Yaşar Nuriyevin, Nuriyyə Əhmədovanın və başqalarının çox gözəl ifası filmi parlaq və yaddaqalan ekran əsərinə çevirmişdir. Filmdə Azərbaycan milli musiqisinin fraqmentlərindən və gürcü bəstəkarı Giya Kançeliyanın musiqisindən istifadə edilmişdir.
Vaqif Mustafayev “Milli bomba” filminin ilk tamaşasından əvvəl çıxışında dedi ki, onun göstərilməsinin ildən-ilə nüfuzu artan Moskva beynəlxalq kinofestivalı ilə bir vaxta düşməsi ilə əlaqədar həyəcan və dərin məmnunluq hissi keçirir. O vurğuladı ki, Moskva onun üçün doğma şəhərdir, çünki burada böyük rejissor Eldar Ryazanovun sinfində ali ssenariçi-rejissor kurslarını bitirmişdir, Rusiya paytaxtında çoxlu dostu var. V.Mustafayev filmin yaradılması ideyasından söhbət açaraq bildirdi ki, bu ekran əsərinin mahiyyəti belədir: insanlar bir-birinə gərəkdir, insan həmişə başqasına həmdəm və arxa-dayaq olmalıdır.
Elə həmin gün Kino evində keçirilən mətbuat konfransında V.Mustafayev xatırlatdı ki, bu filmin yaradılması ideyası 1991-ci ildə, olduqca kəşməkəşli, bir çox insanların özlərini, sadəcə, itirdikləri, zamanla ayaqlaşa bilmədikləri dövrdə meydana gəlmişdir. Rejissor dedi: “Mən çox şadam ki, bu, Rusiya və Azərbaycan kino xadimlərinin müştərək əməyinin bəhrəsidir. Hesab edirəm ki, belə müştərək layihələr köhnə, həmişəyaşar gözəl ənənələri dirçəldir”.