“Milli dövlətçiliyimizin simvolu” kitabının təqdimatı olub
Bakı, 13 iyul, Emil Məlikov, AZƏRTAC
İyulun 13-də Azərbaycanda Atatürk Mərkəzində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 54 illiyinə həsr olunmuş, həmçinin Ümummilli Liderin zəngin həyat yolu və dövlətçilik irsindən bəhs edən siyasi elmləri doktoru, professor Vaqif Abdullayevin “Milli dövlətçiliyimizin simvolu” adlı kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan və gürcü dillərində işıq üzü görüb.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Ulu Öndərin keçdiyi həyat yolundan danışaraq, kitab haqqında məlumat verib. Bildirib ki, Ümummilli Liderin anadan olmasının 100 illiyi çərçivəsində çap olunan və Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi əhəmiyyətli fikirləri ilə başlayan əsərdə Ümummilli Liderin idarəçilik üslubunun milli-siyasi konsepsiyası ətraflı təhlil olunub.
N.Cəfərov çıxışında Azərbaycan-Gürcüstan dostluğunun və ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib.
Milli Məclisin deputatı Sahib Alıyev vurğulayıb ki, epoxaların ekstremallığına baxmayaraq, milli-siyasi elitamız Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə millətin varlığının qorunması və inamla gələcəyə addımlaması istiqamətində üzərinə düşən missiyanı layiqincə yerinə yetirib.
Kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov kitabın önəmindən danışıb: “Ulu Öndər müasir Azərbaycanın memarı və qurucusudur. Azərbaycanın simvolu olan Ümummilli Liderimiz, eyni zamanda, Qafqazda təhlükəsizliyin banisidir. Bu kitab da öz növbəsində kitabsevərlər üçün gözəl bir töhfədir".
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Ulu Öndər Heydər Əliyevin insan hüquq və azadlıqlarına verdiyi önəmdən bəhs edib. Bildirilib ki, 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş Konstitusiyamızın 50-dək maddəsi insan hüquq və azadlıqları ilə bağlıdır. Bu da dahi şəxsiyyətin insan hüquqlarına verdiyi yüksək qiymətin təzahürüdür.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədqiqat materialı olan bu kitabın tələbələr üçün çox vacib elm mənbəyi olduğunu bildirib.
Digər çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, kitabın məziyyətlərindən danışıblar.
Sonda çıxış edən kitabın müəllifi, siyasi elmləri doktoru, professor, Gürcüstan Beynəlxalq Münasibətlər və Politologiya Akademiyasının fəxri doktoru Vaqif Abdullayev təşkilatçılara minnətdarlığını bildirib və tədqiqatlarını bundan sonra da davam etdirəcəyini vurğulayıb.