Milli İncəsənət Muzeyində “Miniatür sənətində miras və müasirlik” adlı sərgi açılıb
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da Milli İncəsənət Muzeyində tanınmış fotoqraf-rəssam Rüstəm Hüseynovun çəkdiyi fotolardan ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi iştirakçıları öncə ekspozisiya ilə tanış olublar.
Muzeyin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova bildirib ki, miniatür sənəti Azərbaycanda ən qədim sənət növlərindəndir. Bu gün sərgi iştirakçıları miniatür sənətinə yeni bir baxış bucağı ilə tanış olacaq.
X.Əsədova Azərbaycan incəsənətinin dəyərli ənənələrinə müraciət edən və onları yeni üslubda qloballaşdıran, dünyaya təqdim edən yaradıcı şəxslər, gənc fotoqraflar, sənətkarlar və rəssamlarla gələcəkdə də muzeyin iş birliyinin davam edəcəyini bildirdi.
Foto-rəssam Rüstəm Hüseynovun yaradıcılığı barədə danışan Xədicə Əsədova, müəllifin məxsusi dəsti-xəttini qeyd edib: “Azərbaycan Milli İncəsənət muzeyinin miniatür kolleksiyasından ilhamlanan foto-rəssam Rüstəm Hüseynov, Azərbaycan miniatür məktəbinin kompozisiya nailiyyətlərinə əsaslanaraq və müasir texnikadan istifadə edərək foto və rəqəmsal vasitələrlə incəsənət əsərləri yaradıb. Beləliklə, foto-rəssam klassik sənətkarların ənənəsini davam etdirməklə, artıq tamaşaçılara miniatürün müstəvi üzərində müasir təcəssüm nümunəsini təqdim edir. Miniatür rəssamlarına xas olan kompozisiya ifadə üsullarından istifadə edərək Rüstəm Hüseynov müasir incəsənət vasitələrinin köməyi ilə Azərbaycan klassik miniatür süjetlərinin müasir variasiyalarını yaradır.
Miniatür sənəti sayəsində Azərbaycan ədəbiyyatı üçün ənənəvi olan bir sıra süjetlər yalnız kitab səhifələrində fiziki cəhətdən canlanmır. Onlar dekorativ-tətbiqi sənət nümunələri üzərində də əks olunurlar. Geyim elementlərinin incə naxışlarla üzvi surətdə birləşməsi, əsərə zəngin və dolğun görünüş bəxş edir.
Rüstəm Hüseynov çıxışında Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevə sərginin keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərgidə iki növ əsərlər - müəllifin öz əsərləri və Milli İncəsənət Muzeyinin fondundan ən qədim miniatür əsərlər nümayiş olunur. Ümumilikdə, ekspozisiyada 50 əsər təqdim edilib.
“Miniatür sənətində miras və müasirlik” adlı sərgidə Rüstəm Hüseynovun Azərbaycan miniatür məktəblərinin kompozisiya nailiyyətlərinə əsaslanan, müasir texnikadan istifadə edərək çəkdiyi foto və rəqəmsal incəsənət əsərləri təqdim olunub. Layihənin məqsədi dünənki, bugünkü Azərbaycan miniatür sənətinin sərhəd və müxtəlifliyinin təcəssümünü göstərmək, eləcə də müasir rəssamları Azərbaycan mədəni irs ideyasının gələcək inkişafına ilhamlandırmaqdır.