MƏDƏNİYYƏT
Milli Kitabxanada Azərbaycan bəstəkarlarının not məcmuələrinin və “Rauf Hacıyev: biblioqrafiya” kitabının təqdimatı olub
![](/files/galleryphoto/2023/1/1200x630/16814590442472655309_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16814590443626554_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1681459044547357000_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16814590442633762612_1200x630.jpg)
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 13-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Kitabxananın birgə təşkilatçılığı ilə “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin və “Rauf Hacıyev: biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitabxananın musiqi irsimizin təbliğində gördüyü işlərdən bəhs etdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi ilə birlikdə həyata keçirilən ən önəmli layihələrdən biri “Milli Musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının Qızıl fondundan)” adlı layihədir. Kitabxana bu günədək həmin seriyadan görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Elmira Nəzirovanın, Asya Sultanovanın, Niyazinin, Musa Mirzəyevin, Oqtay Rəcəbovun və başqalarının not əsərlərini ayrı-ayrı məcmuələr şəklində nəşr edərək musiqi ictimaiyyətinə təqdim edib. Kərim Tahirov Azərbaycan musiqi ictimaiyyətinə 100-dən artıq not məcmuəsinin təqdim olunduğunu və dahi bəstəkarlarımıza həsr olunan bu nəşrlərin uşaq musiqi məktəblərinin şagirdləri, ali musiqi məktəblərinin tələbələri, musiqişünas alimlər üçün nəzərdə tutulduğunu qeyd edib.
K.Tahirov daha sonra Rauf Hacıyevin rəngarəng yaradıcılığndan, “Rauf Hacıyev” biblioqrafiyası barədə məlumat verib. Biblioqrafiyada bəstəkarın əsərləri, not nəşrləri, səsyazmaları, kitabları, həyat və yaradıcılığı haqqında materiallar, habelə dünya milli kitabxanalarında mühafizə olunan nəşrlər öz əksini tapıb.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Rauf Hacıyevin çox zəngin və məhsuldar yaradıcılığında bəhs edib. Qeyd edib ki, görkəmli bəstəkar çoxşəxəli fəaliyyətində Azərbaycan musiqisinə çox böyük töhfələr verib. Xalq artisti daha sonra 1979-1985-ci illərdə çalışdığı müddətdə Rauf Hacıyevlə bağlı xatirələrini bölüşüb. Bildirdi ki, R.Hacıyev yaradıcılığı hərtərəfli təbliğ edilməli, ictimaiyyətə çatdırılmalıdır.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi təqdimatı keçirilən nəşrlərin xüsusi əhəmiyyətindən danışıb, bu vacib işə görə Milli Kitabxanaya təşəkkürünü bildirib. O, Rauf Hacıyevin Azərbaycan musiqisinin dünyada təbliğ olunmasında gördüyü işlərdən bəhs edərək bildirib ki, dahi bəstəkarın mahnıları neçə illər keçsə də hələ də dinlənilir.
Tədbirdə Xalq artisti, tarzən Ramiz Quliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Milli Konservatoriyanın kafedra müdiri, professor Leyla Quliyeva, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, not məcmuələrinin redaktoru, Xalq artisti Sərdar Fərəcov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan Milli Kitabxanası Azərbaycan bəstəkarlarının əsərlərini daima yaşadır. Rauf Hacıyevin rəngarəng yaradıcılığından bəhs edən natiqlər bəstəkarla bağlı xatirələrini bölüşüb.
Sonda professor Kərim Tahirov nəşrlərin hazırlanmasında əməyi keçən Milli Kitabxananın Not nəşrləri və səsyazmaları şöbəsinin əməkdaşlarına və Xalq artisti Sərdar Fərəcova dərin təşəkkürünü bildirib.