MİLLİ MƏCLİS 2008-Cİ İLDƏ DƏ SƏMƏRƏLİ FƏALİYYƏT GÖSTƏRMİŞDİR
Bakı, 10 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Milli Məclisi - 90 yaşlı parlamentimiz ötən il milli qanunvericiliyin möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı və ölkənin xarici siyasətinin uğurla həyata keçirilməsi baxımından böyük əhəmiyyəti olan qərar və qanunlar qəbul etmişdir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, ötən il parlamentin yaz və növbədənkənar sessiyalarında 18 iclas keçirilmiş, 145 qanun və qərar qəbul olunmuşdur.
Yaz sessiyasında 13 iclas keçirilmiş, 85 qanun və qərar qəbul olunmuş, o cümlədən 1 Konstitusiya qanununa əlavələr və dəyişikliklər edilmişdir. Bu dövrdə parlamentdə 22 beynəlxalq müqavilə və konvensiya təsdiqlənmişdir. Bununla yanaşı, bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilmişdir.
Növbədənkənar sessiya dövründə keçirilmiş 5 iclasda 60 qanun və qərar qəbul olunmuşdur.
Bu hüquqi sənədlər ölkə həyatının ən müxtəlif sahələrində aparılan islahatların qanunvericilik bazasının daha da möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edir.
Parlamentin payız sessiyası da uğurlu olmuşdur. Bu dövrdə Milli Məclisin 13 iclası keçirilmiş, 90 qanun və qərar qəbul edilmişdir. Payız sessiyası dövründə 2 Konstitusiya qanununa dəyişikliklər və əlavələr edilmiş, 7 qanun, 14 qərar, 30 beynəlxalq müqavilə və konvensiya təsdiqlənmiş, 37 qanuna əlavələr və dəyişikliklər olunmuşdur.
Sessiyalar dövründə müzakirə olunan sənədlər sırasında “Yaradıcı şəxslər və yaradıcılıq təşkilatları haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqqında”, “Təhsil haqqında”, “Biometrik informasiya haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Arıçılıq haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” qanunların, habelə Şəhərsalma və Mənzil məcəllələrinin layihələri vardır.
1998-ci ildə qəbul edilmiş “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun kifayət qədər mükəmməl olsa da, ötən 10 ildə ölkədə və dünyada dəyişən proseslər, çoxsaylı hüquqi sənədlərin qəbulu, beynəlxalq konvensiyaların təsdiqi həmin sənədə əlavələr və dəyişikliklər edilməsi zərurətini yaratmışdı. 2008-ci ildə Milli Məclis bu qanuna, eləcə də Seçki Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər etmişdir. Bu dəyişiklikləri beynəlxalq təsisatlar da yüksək qiymətləndirmişdir.
Dövlət büdcəsinə nəzarət edən parlament həm də hökumətin, baş prokurorun, ombudsmanın, bələdiyyələrlə iş mərkəzinin, insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndiricinin hesabatlarını dinləyir.
Qanunverici orqanın intizam və hesablayıcı komissiyaları yenidən təşkil edilmişdir.
Parlamentin qəbul etdiyi qanunlara əsasən Füzuli, Samux, Yardımlı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilmişdir.
2008 - ci ildə Milli Məclisdə ulu öndər Heydər Əliyevin 85 illiyinə həsr olunmuş təntənəli iclas keçirilmişdir. İclasda ümummilli liderimizin Azərbaycanda gördüyü işlərdən, yürütdüyü siyasətdən, reallaşdırdığı böyük layihələrdən danışılmışdır.
Ötən il parlament həyatında mühüm hadisələrdən biri də qanunverici orqanın 90 illik yubileyinin geniş şəkildə qeyd edilməsi olmuşdur. 9 ölkənin parlament sədrinin, 18 ölkədən sədr müavininin, ümumilikdə isə 200-dək qonağın iştirak etdiyi yubiley iclasında Prezident İlham Əliyev ölkəmizin müasir iqtisadi, siyasi, mədəni həyatında Azərbaycan parlamentinin özünəməxsus rolu olduğunu vurğulamışdır.
Milli Məclis ölkənin konstitusion əsaslarını, vətəndaşların konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarını daha da möhkəmləndirmək məqsədi ilə Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsinə dair referendumun keçirilməsi ilə bağlı qərar qəbul etmişdir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan parlamentinin fəaliyyəti 2008 - ci ildə səmərəli və məhsuldar olmuşdur.
Xətai Əzizov
AZƏRTAC-ın müxbiri