MİLLİ MƏCLİS HESABLAMA PALATASI HAQQINDA ƏSASNAMƏNİ TƏSDİQ ETMİŞDİR
Martın 5-də parlamentin başçısı Murtuz Ələsgərovun sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilmişdir.
Deputatlar “Hesablama Palatası haqqında” Əsasnamənin ikinci oxunuşda müzakirəsinə başladılar. İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov çıxış edərək dedi ki, sənədin birinci oxunuşda müzakirəsi zamanı səslənmiş bütün təklif və iradlar nəzərə alınmışdır. Belə ki, maddələrin sayı 36-dan 27-dək azaldılmış, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, yerli hesablama palatalarının yaradılması məqsədəuyğun hesab edilməmişdir. Milli Məclisin razılığı olmadan Hesablama Palatasında yoxlamalar aparılması haqqında maddə saxlanılmışdır. Bildirildi ki, qanun layihəsinin işlənib hazırlanmasında iqtisadi inkişaf, vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin mütəxəssisləri iştirak etmişlər.
Ayrı-ayrı deputatların konkret sorğularına əsasən, Hesablama Palatası tərəfindən audit keçirilməsi haqqında maddənin qanun layihəsinə daxil edilməsi ilə əlaqədar kəskin diskussiyalar getdi. Prezidentin İcra Aparatının iqtisadi siyasət şöbəsinin müdiri Mail Rəhimov bu müzakirələrə yekun vuraraq, bildirdi ki, həmin maddənin qanun layihəsinə daxil edilməsi Hesablama Palatasının iş rejimini pozar, lakin palata ildə bir dəfə deputatların sorğusuna əsasən audit keçirə bilər.
Hesablama Palatasının sədri Namiq Nəsrullayev onun işinin təşkili və strukturunun formalaşdırılması məsələləri barədə çıxış edərək dedi ki, Milli Məclisin daimi komissiyası və müxtəlif nazirliklərin mütəxəssisləri tərəfindən hazırlanmış sənəd beynəlxalq standartlara və yerli şəraitə ümumən uyğundur.
Beləliklə, büdcə-maliyyə ekspertizası üzrə mühüm dövlət funksiyasını yerinə yetirməli olan bu struktur haqqında Əsasnamə ikinci oxunuşda səs çoxluğu ilə qəbul edildi.
Əsasnamənin üçüncü oxunuşda qəbul edilməsinin zəruriliyi ilə əlaqədar deputatların təklifinə əsasən bu sənədə fasilədən sonra da baxıldı.
Müzakirələrin yekunlarına əsasən müvafiq qərar qəbul olundu.
İclasın sonunda Milli Məclisin sədri Murtuz Ələsgərov qadın deputatları 8 Mart bayramı münasibətilə parlamentin rəhbərliyi adından təbrik etdi.