SİYASƏT
MİLLİ MƏCLİS XOCALI SOYQIRIMININ 10 İLLİYİ İLƏ ƏLAQƏDAR BƏYANAT QƏBUL ETMİŞDİR
Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar fevralin 26-da Milli Məclisin ümumi iclası keçirilmişdir. İclas başlanmazdan əvvəl deputatlar və xarici ölkələrin dəvət edilmiş səfirləri bəşəriyyət tarixində ən dəhşətli faciələrdən biri olan bu faciə haqqında fotoşəkillər və ədəbiyyatla tanış oldular.
İclasın gündəliyinə Xocalı soyqırımının 10 illiyi ilə əlaqədar Milli Məclisin bəyanatının qəbul olunması məsələsi daxil edilmişdir.
Milli Məclisin sədri Murtuz Ələsgərov iclası açaraq, erməni millətçilərinin iki əsr ərzində azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti üzərində ətraflı dayandı. Parlamentin sədri dedi ki, Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Prezident Heydər Əliyevin Azərbaycan xalqına müraciətində bu proseslərin tarixi dərindən təhlil edilmişdir. Dövlətimizin başçısı eyni zamanda Xocalı soyqırımı və bütövlükdə ermənilərin törətdikləri qəddarlıqları haqqında bütün həqiqəti dünya dövlətlərinin, parlamentlərin, geniş ictimaiyyətin diqqətinə çatdırmağı və bu vəhşilik aktlarının əsl soyqırımı kimi tanınmasına nail olmağı bir vəzifə kimi qarşıya qoymuşdur.
Murtuz Ələsgərov bildirdi ki, Xocalı soyqırımının on illiyi ilə əlaqədar ABŞ Konqresində tədbir keçirilməsinin, Avropa Şurası Parlament Assambleyasında sənədin yayılmasının Azərbaycanın tarixində ən qanlı səhifə olan Xocalı faciəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyəti var.
Sonra şəhid kinooperator Çingiz Mustafayevin erməni faşistlərinin Xocalıda törətdikləri dəhşətli cinayətlər barədə vaxtilə çəkdiyi, sənədli kinokadrlar nümayiş etdirildi.
Milli Məclisin deputatları Anar Rzayev, Səməd Seyidov və başqaları çıxış edərək, bu faciəyə beynəlxalq miqyasda siyasi qiymət verilməsinə, onun təşkilatçılarının və icraçılarının cəzalandırılmasına nail olmağın zəruriliyini vurğuladılar.
Milli Məclis Xocalı soyqırımının 10 illiyi ilə əlaqədar yekdilliklə bəyanat qəbul etdi və onu bütün dünya ölkələrinin parlamentlərinə göndərməyi qərara aldı.